Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA kollektivi peşə bayramını qeyd edib



Newscenter.az.21.02.2020. 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Newscenter.az xəbər verir ki, daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son iki 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.

Sonda 22 fevral Azərbaycan Respublikası avtomobil yolları işçilərinin Peşə bayramı günü münasibətilə avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə, bir sıra media qurumlarına, həmçinin avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə, agentliyin bəzi əməkdaşlarına fəxri diplom, fəxri fərman və mükafatlar təqdim olunub, onlara iş fəaliyyətində uğurlar arzu edilib.
Xəbəri paylaş