Newscenter.az.21.02.2020. Ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.
Newscenter.az-a Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində “Dilimiz-dəyərimiz”, “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!”, “Dilimiz varlığımızdır!” , "Millətin milliliyini saxlayan onun dilidir", “Ana dilimizi sevək və sevdirək!”, "Ana dilim-doğma dilim", "Mənim ana dilim-mənim kimliyim, pasportum özümə öz hakimliyim", “Azərbaycan dili milli varlığımızdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, bilik yarışları, xüsusi dərslər təşkil edilib. Həmçinin divar qəzetlərindən ibarət sərgilər nümayiş olunub, şagirdlərin ana dilindən bilik və bacarıqlarının yoxlanılması üçün məktəbdaxili monitorinqlər keçirilib.
Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları referatları təqdim ediblər.