Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək



Newscenter.az.24.02.2020. "2020-ci ilin ilk ayları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət sahəsində zəngin fəaliyyəti ilə tarixə düşdü. Yanvar ayında Davosda Beynəlxalq İqtisadi Forumda iştirak edən, fevral ayında isə Münxen Təhklükəsizlik Konfransına qatılan Prezident İlham Əliyev, eyni zamanda çoxsaylı görüş və hadisələrlə müşayiət olunan İtaliya səfərini həyata keçirdi. Sadalananlar dövlətimizin xarici siyasət fəaliyyətinin intensivliyi ilə yanaşı, həmçinin Azərbaycanın beynəlxalq aləmdə rolu və əhəmiyyətinin durmadan artmasını sübuta yetirir".

Bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin yenicə başa çatan İtaliya səfərini sözün həqiqi mənasında tarixi səfər adlandırmaq mümkündür:

"Dövlətimizin başçısına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qarşılanma və qonaqpərvərlik bunun ən bariz ifadələrindən biri hesab edilməlidir. Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında 28 sazişin imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir.

İlham Əliyevin səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə dünya sivilizasiyasına əvəzsiz töhvələr vermiş İtaliya kimi dövlətin rəhbərlərinin Azərbaycanın, onun inkişafının, ələlxüsus ölkəmizin sivilizasiyaların dialoqunun inkişafı sahəsində xidmətlərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlının qəlbini haqlı olaraq qürur hissi ilə doldurur. Bu baxımdan Roma Papasının, bütünlükdə Vatikan dövlətinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində fəaliyyətini ayrıca qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir".

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır: "Heş şübhəsiz, tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhvələr verəcək. Ayrıca olaraq onu da qeyd etmək lazımdır ki, dövlət başçımızın hər bir uğurlu xarici səfəri, o cümlədən İtaliya səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq dəstəyin əhəmiyyətli şəkildə güclənməsi ilə müşayiət olunur".
Xəbəri paylaş