Newscenter.az.25.02.2020. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Toxumçular Assosiasiyası tərəfindən regionlar üzrə toxumçularla görüşlər davam etdirilir. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə Tovuz, Gədəbəy, Qazax, Ağstafa rayonları, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə isə Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Emin Eyvazov və Göygöl DAİM-in rəhbəri Atəş Avazov ölkədə aqrar sahədə aparılan islahatlar barədə toxumçuları məlumatlandırıb. Hər iki görüşdə bildirilib ki, DAİM-lərin işi fermerlərə yaxınlıq prinsipi əsasında qurulub.
Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin əməkdaşı Firad Nəsirov şöbənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların yaranmasına hüquqi və texniki dəstək göstərilməsi, fəaliyyətlərinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanın təmin edilməsi istiqamətində fəaliyyətinə toxunub. O, son iki ildə yaradılmış aqraryönümlü assosiasiyalarin fəaliyyəti barədə fermerlərə məlumat verib, assosisiyalarda birləşmənin üstünlükləri onlara izah edib.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev isə təmsil etdiyi assosiasiyanın əsas məqsəd və vəzifələri haqqında danışıb, müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq istiqmətləri üzrə həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Afər Hacıyev bütün toxumçuları Assosiasiya ətrafında sıx birləşməyə çağırıb və onların üzləşdikləri çətinliklərin dövlət qurumları qarşısında qaldırılacağını söyləyib. Eyni zamanda, Assosiasiya sədri toxumçuluq sahəsində yeni qanun layihəsi haqqında da toxumçulara məlumat verib və bütün toxumçuları yüksək keyfiyyətli, məhsuldar və sertifikatlı toxum istehsal etməyə çağırıb.
Tədbirdə son dövrlərdə Assosiasiyanın gördüyü işlər, yeniliklər, Dövlət Toxum Fondu ilə imzalanan Anlaşma Memorandumu, Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlıq istiqamətlərindən bəhs olunub.
Daha sonra toxumçularla müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, fermerlərin sualları ətraflı cavablandırılıb, həlli yolları barədə izahat verilib. Tədbirin sonunda toxumçular Assosiasiyanın fəaliyyətini dəstəklədiklərini bildirib, quruma üzv olmaq üçün müraciət ediblər.