Newscenter.az.26.02.2020. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-dən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılıb. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyulduğundan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olunub.
Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin əraziyə yaxınlaşaraq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunmuş və onlar hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri - 1980-ci il təvəllüdlü Mehdiyev Qərib Aqil oğlu, 1974-cü il təvəllüdlü Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini, 1967-ci il təvəllüdlü Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilib. Bağlamaya baxış keçirərkən qara rəngli polietilen sellofanda 4 374 qram narkotik vasitə - marixuana və 254 qram metofitamin aşkar olunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.