Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər



Newscenter.az.26.02.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində “Xocalısız 28 il”, “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”, “Xocalı-əsrin faciəsi”, “Unutsaq unudularıq”, “Bir yurd vardı-Xocalı”, “Xocalı uşaqların gözü ilə”, “Xocalı fəryadı”, “Xocalıya gedən yol”, “Bir şahidin beş şəhidi” və digər mövzularda dərslər, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa müsabiqələri, idman yarışları keçirilib. Həmçinin divar qəzetlərindən ibarət sərgilər təşkil olunub, stendlər, guşələr, bülletenlər hazırlanıb.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Faciənin canlı şahidi olmasalar da, eşitdiklərini uşaq təxəyyülü ilə rəsmlərə köçürüblər.

Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırım şahidləri ilə görüşləri keçirilib.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.
Xəbəri paylaş