Newscenter.az.26.02.2020. Bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirib.
Newscenter.az xəbər verir ki, tədbirdə daha çox uşağın iştirakının təmin edilməsi məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın uşağın birbaşa tədbirə qoşulması təmin olunub. Mərkəzdə təşkil olunan tədbirdə birbaşa iştirak edən və rayonlardan onlayn şəkildə qoşulan uşaqlara Xocalı faciəsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirib. 4 ay mühasirədə qalan Xocalı şəhərinə hücum zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi hələ də məlum deyil.
Uşaqların diqqətinə çatdırılıb ki, bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.