Newscenter.az.27.02.2020. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı fevralın 27-də İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik ilə görüşüb.
Dövlət Komitəsindən Newscenter.az-a bildirilib ki, səfiri təyinatı münasibətilə təbrik edən Komitə sədri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qonağı Azərbaycandakı dinə dövlət qayğısı, dinlərarası dialoq prosesinə verilən önəm, eləcə də DQİDK-nın fəaliyyəti barədə məlumatlandıran Mübariz Qurbanlı dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi istiqamətində son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycan mühiti üçün gündəlik həyatın gerçəkliyi olan multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hər il Prezident İlham Əliyev tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.
Komitə sədri vurğulayıb ki, ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə həyata keçirən dini konfessiya nümayəndələrindən biri də yəhudilərdir. Ölkəmizdə 8 yəhudi icması, 7 sinaqoq, bir sıra yəhudi məktəbləri, həmçinin “Yəhudi Evi”, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, Yəhudi Mədəniyyət Mərkəzi və bu kimi təsisatlar fəaliyyət göstərir.
Ölkəmizə səfir təyin olunmağından məmnunluğunu ifadə edən Corc Dik Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Diplomat iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib. Azərbaycanı tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsi kimi qiymətləndirən C.Dik dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qubadakı Qırmızı qəsəbə ilə yaxından tanış olduğunu bildirib. Azərbaycanın dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinə sahib ölkə olduğunu söyləyən səfir ölkəmizdə yəhudilərə göstərilən isti münasibət və qarşılıqlı hörmətin onların Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirdiyini, dövlətlər səviyyəsində əlaqələrin möhkəmlənməsinə təsir etdiyini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.