Newscenter.az.27.02.2020. Rusiyanın Stavropol əyalətindəki azərbaycanlıların Araz diaspor təşkilatı Yessentuki, Jeleznovodsk, Mineralnıe Vodı şəhərlərindən olan soydaşlarımızın da iştirakı ilə Pyatiqorskun M.Qorki adına mərkəzi kitabxanasında 3 hissədən ibarət anım mərasimi keçirib.
Newscenter.az xəbər verir ki, gənclərin "Xocalını unutmuruq" fleşmobu ilə başlanan tədbir sonra soyqırımla bağlı videoçarxların təqdimatı və çıxışlarla davam edib. Stavropol əyalətindəki diaspor təşkilatı rəhbərləri Təhmasib Zeynalov, Qurban Əsədov, Namiq Məmmədov, Rusiya azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri Anar Həsənov, yazıçı və teoloq İlqar Kamil Xocalı soyqırımı ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat veriblər.
Xocalıya quru dəhlizin olmaması, şəhərin müdafiəçilərinin qəhrəmanlığı mövzusu çıxışlar zamanı xüsusilə vurğulanıb. Diaspor üzvləri soyqırım qatillərindən qisas almağın vacibliyini vurğulayıblar. Xocalının soyqırım olaraq ilk növbədə Azərbaycan parlamenti tərəfindən tanınması məsələsi də diaspor tərəfindən qaldırılıb.
Soyqırım qurbanlarını həmvətənlilərimiz məsçiddə də anıblar, Xocalı qurbanlarının ruhuna Quran oxunub.