Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Coğrafi İnformasiya Sistemləri əsasında hazırlanmış interaktiv elektron torpaq xəritələrinin təqdimatı keçirilib



Newscenter.az.28.02.2020. Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, birgə elmi tədqiqatların aparılması istiqamətində imkanların araşdırılması istiqamətində ikitərəfli müzakirələr davam etdirilir. Bu günə qədər nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) strukturuna daxil olan elmi tədqiqat institutları ilə AMEA institutları arasında çoxsaylı görüş və müzakirələr keçirilib. Tərəflər arasında əldə olunmuş razılığa görə, ölkədə həyata keçirilən aqrar siyasətin davamlılığı, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində elmi-tədqiqat işləri aparılacaq, nəticələr fermer təsərrüfatlarında tətbiq olunacaq.

Növbəti ikitərəfli görüş Aqrar Elm və İnnovasiya Mərkəzi ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun heyəti ilə keçirilib. Əkin dövriyyəsindən kənarda qalmış torpaqların bərpası, şoranlaşmaya qarşı mübarizə, deqradasiyaya uğramış ərazilərdə rekultivasiya tədbirlərinin vacibliyini vurğulayan mərkəzin direktoru İmran Cümşüdov qeyd olunan istiqamətlərdə birgə tədqiqatların əhəmiyyətini önə çəkib. AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov “Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda çıxış edərək alimlər tərəfindən hazırlanmış xəritəni təqdim edib. Xəritədə coğrafi informasiya sistemləri, ölkə ərazilərinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, prinsipləri barədə ətraflı məlumatlar əksini tapıb.

Qarşılıqlı müzakirədə alimlər tərəfindən hazırlanmış interaktiv torpaq xəritələri, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsi, bu istiqamətdə metodik göstərişlərin hazırlanması təhlil olunub, ilk dəfə olaraq hazırlanmış 1:600 000 miqyasında interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə xəritələrini illüstrativ materialına baxış keçirilib.

Hazırlanmış elektron xəritələrin daha da təkmilləşdirilməsi, DATA bazaların inteqrasiyası, birgə elmi araşdırmaların aparılması qərara alınıb.
Xəbəri paylaş