Newscenter.az.28.02.2020. Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib. Nazirliyin İnsan resursları şöbəsinin keçirdiyi təlimdə şöbənin əməkdaşı Elnur Atayev təqdimatla çıxış edib, tədbir iştirakçılarına istehsalat təcrübəsinin təşkil edilməsi qaydaları ilə bağlı geniş məlumat verib.
Bildirib ki, təhsil müəssisələrinin tələbələrinin müvafiq dövlət qurumlarında təcrübə keçmələri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda da tələbələrin istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır.
E.Atayev təcrübənin təşkili qaydaları haqda məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi Nazirliyin Hüquq şöbəsi tərəfindən hazırlanan müqavilə əsasında həyata keçirilir. Müqavilə qurumla təhsil müəssisəsi arasında bağlanır, tərəflərin öhdəliklərini müəyyən edir. Həmçinin müqavilədə təcrübənin müddəti, təcrübə keçəcək tələbələrin ixtisası, sayı və s. göstərilir.
Newscenter.az xəbər verir ki, daha sonra tədbirdə təcrübə keçəcək tələbələrin bilməli olduqları nüanslar barədə məlumat verilib. Qeyd olunub ki, bu nüanslara əsasən təcrübəkeçmə qaydaları, təhlükəsizlik tədbirləri aiddir.
Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, istehsalat təcrübəsinin təşkili zamanı 3 əsas məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar davamiyyət, gündəlik və mentorluq məsələləridir. Belə ki, tələbənin təcrübəyə davamiyyəti izlənməli, hər bir tələbənin gördüyü işlərlə bağlı gündəliyi olmalı, tələbəyə mentor –təcrübə rəhbəri təyin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin tədbirdə iştirak edən əməkdaşı Bəxtiyar Nəsibov qeyd edib ki, hər istehsalat təcrübəsi tələbənin inkişafına bir töhfə verməlidir. “Bunun üçün də təcrübə rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə vicdanla yanaşmalı, ölkəmizin savadlı kadrlara tələbatının təmin olunması üçün ilk addımlardan olan istehsalat təcrübəsinin vacibliyini tələbələrə izah etməlidirlər.”,-deyə o qeyd edib.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, işlərində qarşılaşdıqları və qarşılaşa biləcəkləri bəzi məqamlara aydınlıq gətirilib.