Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranla sərhəddə daha bir səyyar hospital quraşdırıldı-VIDEO



Newscenter.az.28.02.2020. Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, Nazirlər Kabineti yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən, Astara şəhərində gömrük-keçid məntəqəsinə yaxın ərazidə səyyar hospital qurulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi, polkovnik Kamal Əliyev "Report"un yerli bürosuna bildirib ki, səyyar hospitalda 20 texnika, 100 nəfərlik şəxsi heyət, o cümlədən 8 həkim və 8 tibb işçisi fəaliyyət göstərəcək.

"Qərargahın qərarına əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə FHN, Mülki Müdafiə Qoşunlarının, tibb xidmətinin və digər xidmətlərin birgə fəaliyyət göstərdiyi şəhərcik yaradılır, 450 çarpayılıq 59 çadırdan ibarət səyyar hospital qurulur. Burada sərhəddən keçən hər bir şəxs bir-bir mobil hospitalda təkrar müayinə olunacaq. Hər hansı bir şübhə yaranarsa, ixtisaslaşdırılmış səhiyyə ocağına təhvil veriləcək. Çadırlar rahat yataq dəstləri, bir neçə gün qalmaq üçün lazımi avadanlıqlarla təmin olunub. Yeməkxana yaradılıb. Hazırda labaratoriya qurulur. Ağır durumu olan xəstələr müəyyən edildikdə reanimasion tədbirlər və təxliyə üçün texnikalarımız var. İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə bilirlər”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.

Eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.
Xəbəri paylaş