Newscenter.az.2.03.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Newscenter.az-a Agentlikdən bildirilib ki, AQTA əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Malıyev Elçin Yaqub oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.
Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı aşkarlanıb. Bundan başqa xammalın fiziki, kimyəvi və təhlükəsizlik göstəriciləri yoxlanılmadan birbaşa istehsala verildiyi müəyyən edilib.
Müəssisəyə baxış zamanı xammalın qəbulu, südün termiki emalı və mayalanmanın eyni sahədə aparıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aşkar olunmuş faktlara əsasən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.