Newscenter.az.4.03.2020. “Könüllülükdən peşəkarlığa” layihəsinə qeydiyyat prosesi martın 27-dək uzadılıb.
Newscenter.az xəbər verir ki, layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) [email protected] elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
Layihənin üç istiqamətdə reallaşdırılması nəzərdə tutulub. Birinci istiqamət üzrə müraciət edən gənclər BŞTİ-nin Ümumi təhsil, İnsan resursları, İnformasiya təminatı, İnkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və təhsil müəssisələrində könüllü kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.
İkinci istiqamət təhsilin müxtəlif sahələri üzrə araşdırma və tədqiqatların aparılmasında birbaşa iştirak etmək arzusunda olan gənclər üçün nəzərdə tutulub. Bu istiqamət üzrə müraciət edən gənclər onlara təqdim olunmuş müvafiq mövzular üzrə tədqiqata cəlb olunacaqlar.
Üçüncü istiqamət üzrə müraciət edən şəxslər isə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində könüllü kimi fəaliyyət göstərmək və idarəetmə təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.
Hər üç istiqamət üzrə layihədə iştirak edən könüllülər üçün fərdi və peşəkar inkişaf, təhsilin müxtəlif sahələri, təhsilin idarəedilməsinə dair təlimlərin təşkili nəzərdə tutulub.
Sonda layihəni uğurla başa vuran könüllü gənclərə BŞTİ tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir.
R.Mehdiyeva