Newscenter.az.11.03.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, regionlarda elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik və qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir.
Newscenter.az xəbər verir ki, dövlət başçısının sosial siyasətinin prioritetlərindən biri də cəbhəyanı ərazilərdə kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bununla əlaqədar olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyi Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar. Layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb. İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcəkdir.
“Azərişıq” ASC və “Azəriqaz” İB tərəfindən nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılmış avadanlıq və materiallar martın 10-da Ağdam rayonuna gətirilib. Layihə üzrə işlərin icrasına başlanması münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra strukturlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının tərkib hissəsi kimi cəbhəyanı ərazilərdə kommunal xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər təmas xəttinin yaxınlığında məskunlaşmış əhaliyə, o cümlədən məcburi köçkünlərə ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğının təzahürüdür. Layihənin icrasına başlanmasını sevinc hissi ilə qarşılayan sakinlər Novruz bayramı ərəfəsində onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq bildiriblər.
Tədbirlər planı hazırlanarkən yerli əhali və məcburi köçkünlərlə bir neçə dəfə söhbətlər aparılıb, mövcud problemlər birgə müzakirə olunub, irəli sürülən təkliflər layihələrin işlənilməsi zamanı nəzərə alınıb. Hər iki qurumun rəsmiləri bu barədə məlumat verərkən təmas xəttində yerləşən yaşayış məntəqələrində kommunal xidmətlərin təkmilləşdirilməsi istiqamətində işlərin daim diqqətdə saxlanılacağını da qeyd ediblər.