Newscenter.az.5.03.2020. Sumqayıt Gənclər Evində ASAN könüllüləri və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” layihəsinin təlimləri start götürüb.
Newscenter.az xəbər verir ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.
Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.
Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli təəssüratlarını bölüşüb:
“Sumqayıtda qadınlar tərəfindən bu layihəyə marağın olması bizi sevindirir. Qadınların işgüzar inkişafda iştirakına, eləcə də onların sahibkarlıq və karyera yönümlü fəaliyyətlərini dəstəkləmək üçün bu layihəyə xüsusi əhəmiyyət kəsb edir. Sumqayıtlı qadınlar daim işgüzarlığı ilə seçilib, bu gün də təlimlərdə baş tutan interaktiv müzakirələrdə müşahidə olunub”.
Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru Kəmalə Rəhimova çıxışında layihənin əhəmiyyəti və bu fəaliyyətlərin Sumqayıt qadınlarının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Layihəyə dəvət olunan beynəlxalq təlimçi İşıl Keskin Şahan da Sumqayıt təliminin ilk günündən danışıb:
“Regionlardakı təlimlər zamanı Azərbaycanın hər bir bölgəsini yenidən kəşf edirik. Sumqayıtda təlimlər zamanı layihə iştirakçıları təlim proqramını mənimsədikcə bacarıqları və özlərinə inamları artacaq. Bu gün iştirakçı qadınların karyera və sahibkarlıq yönümlü fəaliyyətlərinə dair ilkin fikirlərini öyrəndik. Maraqlı ideyalar var, növbəti günlərdə bu ideyaları layihə formsında hazırlayacağıq”.
Layihə Sumqayıtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Şamaxı və Şəki iqtisadi zonalarını da əhatə edir.
2017-ci ildən etibarən ASAN könüllüləri və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə qadınların işgüzar inkişafına tövhə vermək məqsədi ilə icra etdiyi layihələrə regionlarda yaşayan 1067 nəfər qadın cəlb olunub.
Ayan