Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsində görüş keçirilib



Newscenter.az.6.03.2020. Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vicdan azadlığının təmini, dövlət-din münasibətlərinin tənzimlənməsi, dinə dövlət qayğısı və bu istiqamətlərdə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Habelə Komitə sədri ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə danışıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hər il Prezident İlham Əliyev tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır. Ölkəmizdə müxtəlif dinlərə aid abidələrin qorunduğunu da diqqətə çatdıran Mübariz Qurbanlı onlar arasında atəşpərəstlik inancına aid izləri də özündə daşıyan “Atəşgah məbədi”ni nümunə göstərib.

Komitə sədri həmçinin, qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyması, tarixi-dini abidələri məhv etməsi barədə məlumat verib.

Öz növbəsində, Azərbaycandakı tolerant və multikultural mühit, bütün dini konfessiyalara yaradılan bərabər şərait, ölkənin inkişafı haqqında xoş təəssüratlarını bölüşən səfir qeyd edib ki, Azərbaycanın bu sahədəki təcrübəsi bütün dünya üçün nümunə sayılmalıdır. O bildirib ki, iki xalq arasında tarixi köklərə əsaslanan dostluq münasibətləri bu gün müxtəlif sahələrdə əlaqələrin inkişafında özünü göstərir.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə səmimi qəbula görə səfir Bavitlunq Vanlalvavna Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Mehman
Xəbəri paylaş