Newscenter.az.8.03.2020. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə Brüsseldə bir araya gələcək.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının prezidentinin mətbuat xidməti özünün “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, görüş bazar ertəsi ( 9 mart – Red) baş tutacaq. Tərəflər Avropa Birliyi və Türkiyə arasında mövcud əlaqələr, o cümlədən miqrasiya, təhlükəsizlik, bölgədəki vəziyyət və Suriyadakı böhranı müzakirə edəcəklər.
Suriyanın İdlib bölgəsindəki vəziyyətin gərginləşməsindən sonra Türkiyə artıq miqrant və qaçqın axınını dayandıra bilməyəcəyini bəyan edərək Avropa ilə sərhədlərini açıb.
Bundan sonra minlərlə miqrant Yunanıstana axın etməyə başlayıb. Miqrant axınının qarşısını almaq üçün Yunanıstan hökuməti sərhədə yüzlərlə polis və hərbçi cəlb edib.
Nəticədə suriyalı miqrantlar Yunanıstan sərhədində sərt müdaxilə ilə rastlaşıblar. Belə ki, sonuncu dəfə yunan polisi Türkiyə ilə sərhəddə suriyalı hamilə qadını güllələyib. Qadına ətrafdakı insanlar tərəfindən ilkin tibbi yardım göstərilib. Həmin hadisə zamanı daha bir neçə suriyalının da yaralandığı bildirilib.
Buna baxmayaraq Almaniyada “Seebrücke” beynəlxalq hərəkatının təşkilatçıları Türkiyə-Yunanıstan sərhədi boyunca Avropaya daxil olmağa çalışan qaçqınları qəbul etmək istədiklərini bəyan ediblər. Hərəkat nümayəndələri bildirib ki, bu məqsədlər üçün boş mənzillərdən istifadə etmək olar. Bundan əlavə, onlar Yunan adalarındakı qaçqın düşərgələrinin sakinlərini təxliyə etməyə çağırıblar.