Newscenter.az.20.03.2020. "Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut yoxdur".
Newscenter.az Azərbaycanda FAO-nun Nümayəndəlik Ofisinə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO): Heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut olmadığını açıqlayıb.
Bildirilir ki, Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı(OİE) ilə bu virusun potensial daşıyıcıları olan heyvanları aşkar etmək və insanlara yoluxma hallarını azaltmaq üçün üzv ölkələrə kömək məqsədilə sıx əməkdaşlıq edir.
Hazırda koronavirusun epidemiologiyasının öyrənilməsi və heyvanların virus mənbəyi və ya daşıyıcı roluna dair tədqiqatlar aparılır. Lakin hazırda koronavirusun yayılmasının ən yüksək riski virusun insandan insana ötürülməsi ilə bağlıdır. Beləliklə, ÜST epidamiyanın insan sağlamlığı aspektlərinə dair səlahiyyətli orqanı və əsas məlumat mənbəyidir.
FAO davamlı olaraq koronavirusla bağlı dünyada son durum haqda məlumatları izləyir və paylaşır, həmçinin sağlamlığın qorunması üçün vahid yanaşmadan istifadə edərək ÜST və OİE ilə birgə heyvanlarda xəstəliklərin qarşısının alınması, hazırlıq və müəyyən edilməsi üçün tədbirləri əlaqələndirir.
Koronavirusun yayılmasında heyvanların (mal-qara və ev heyvanlarının) rolu ilə bağlı heç bir sübut yoxdur və heyvanların həyatını təhlükə altına ata biləcək tədbirlərin görülməsi üçün heç bir əsas yoxdur.Bunun əvəzinə, FAO, müvafiq təcrübəyə uyğun olaraq, vəhşi heyvanlar və onların əti ilə ehtiyatla davranmaq də daxil olmaqla, mal-qara və ev heyvanlarına qulluq etmə və ya qidalandırmadan əvvəl və sonra sadə gigiyena qaydası olan əllərin yuyulmasını təbliğ edir.
Qlobal Koronavirus epidemiyasının başlanmasından bəri FAO rabitə kanalları vasitəsilə gigiyena qaydaları və epidemiya haqda yenilikləri fəal şəkildə təbliğ edir və ictimaiyyətə aşağıdakı mesajları nəzərə almağı tövsiyə edir:
• İtlərin koronavirusun yayılmasında hər hansı rol oynadığına dair heç bir sübut yoxdur. Ümumi bir qayda olaraq, heyvanlara qulluq edərkən, onlarla təmasdan əvvəl və sonra əllərinizi həmişə yuyun.
• İnsanlar xəstə və ya naməlum səbəblərdən ölən vəhşi heyvanların və ya mal-qaranın ətini doğramaq, satmaq, bişirmək və ya istehlak etməkdən çəkinməlidirlər.
• Vəhşi heyvanların çiy əti, həmçinin qanlı, yaxşı bişməmiş yeməklər istehlak edilməməlidir. Bu cür addımlar insanların bir çox infeksiyalara yoluxma riskini artırır.
• Hər hansı bir qeyri-adi xəstəlik və ya heyvan ölümü barədə heyvanların sağlamlığının mühafizəsi orqanlarına məlumat verilməlidir.
Koronavirusun yayılmasının qarşısının alınmasına və nəzarətinə öz töhfəsini vermək üçün FAO heyvanların, insan və ətraf mühitin sağlamlığının qorunması sahəsində
mütəxəssisləri birləşdirən sağlamlığın qorunmasına dair vahid səhiyyə yanaşmasından istifadə etməklə bütün fəaliyyətlərin əlaqələndirilməsini tövsiyə edir.
Ayan