Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Viruslara qarşı 3 müebarizə növü



Newscenter.az.17.03.2020. Bütün dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında məlumatları paylaşırlar. Ümumilikdə isə tənəffüs infeksiyaları ilə mübarizə metodları barədə məlumatlı olmaq və mümkün qədər qorunmaq çox önəmlidir.

Newscenter.az-ın xəbərinə görə, ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirir ki, tənəffüs infeksiyaları (o, cümlədən respirator virus infeksiyaları, vərəm və s.) ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları (COVİD-19, vərəm və s.) ilə yoluxma daha çox aerogen, yəni, hava-damcı (xəstə asqırdıqda, öskürdükdə) və hava-toz yolu ilə (məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan), həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.
Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə 3 istiqamətdə aparılmalıdır. Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.

İkincisi, infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir.

Və nəhayət üçüncü istiqamət - yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir. R.Bayramov bildirir ki, bu, çox vacibdir. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: “Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu məsələdə orqanizmin immun statusunun rolu böyükdür”.

Həkim məsləhət görür ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma (xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu), normal gün rejimi (kifayət qədər yuxu), idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.
Xəbəri paylaş