Newscenter.az.17.03.2020. Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Torpaq işləri 70 min kv.m sahəni əhatə edir.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçiriləcək. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq.
Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişini şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Anar