Newscenter.az.18.03.2020. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçiriləcək. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq.
Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start veriləcək. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi nəzərdə tutulur. işləri aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edəcək.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq.
Yolun yenidən qurulması cari il ərzidndə yekunlaşdırılması nəzərdə tutulur.
Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Anar