Newscenter.az.19.03.2020. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, ordu quruculuğunun həmişə dövlət üçün prioritet olduğunu vurğulayan nazir böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmağa başladığını diqqətə çatdırıb. Zakir Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır:
“Hərtərəfli iqtisadi inkişaf ordu quruculuğunun daha geniş miqyasda inkişafını təmin edib. Həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb. İnanıram ki, Vətən qarşısında borcunuzu bundan sonra da vicdanla yerinə yetirəcəksiniz. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqsınız. Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm. Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Novruz bayramınız mübarək”.