Newscenter.az.19.03.2020. Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fiziki qəbulu martın 17-dən, müvəqqəti olaraq, dayandırılıb. Martın 18-də Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşlarla növbəlilik əsasında görüntülü telefon əlaqəsi yaradıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, martın 19-da isə komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı” layihəsinin icrasına başlanılıb. Belə ki, komitənin mətbuat orqanı – “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin moderatorluğu ilə komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov saat 12:00-dan 13:00-dək və 15:00-dan 16:00-dək canlı yayımda vətəndaşların suallarını cavablandırıb. Virtual qəbulda komitənin müvafiq strukrturlarının nümayəndələri iştirak ediblər. Onlar 1657 telefon nömrəsi ilə komitənin “Qaynar xətti”nə zəng etmiş vətəndaşların müraciətlərini qeydə alıb, müvafiq qaydada yönləndiriblər.
İki seans ərzində 100-dən çox izləyici komitənin Facebook səhifəsinin rəy bölməsinə öz müraciətini və sualını yazıb. Bunların hamısı canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən izləyicilərə bildirilib ki, onlara araşdırmanın nəticəsi barədə mütləq qaydada məlumat veriləcəkdir.
“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, Novruz bayramı ilə bağlı 9 qeyri-iş günündən sonra komitədə iş yenə də Operativ qərargahın tələblərinə uyğun davam etdiriləcəkdir.
“Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin sədr müavini Sabir Əhmədovun videoqəbulu da keçirilib. Sədr müavini əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Ayan