Newscenter.az.21.03.2020. Dünyada COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 234 min nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Qeyd edilir ki, koronavirusdan demək olar ki, 10 min nəfər ölüb.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus 210 min xəstənin olduğunu bildirib.
Tedros Adhanom Qebreyesus koronavirusun qarşısını almaq üçün alkoqollu içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb.
"Sizin immun sisteminizin normal işləməsinə kömək edən sağlam və faydalı qidaları yeyin, alkoqolun istifadəsini məhdudlaşdırın və şəkər tərkibli içkilərdən çəkinin, siqaret çəkməyin. Əgər koronavirusa yoluxsanız, siqaret çəkmək xəstəliyin ağır formasının inkişafı riskini artıra bilər", - o brifinqdə deyib.
ÜST-ün son məlumatına görə, xəstələrin ümumi sayı 234 073 nəfərə çatıb. Yoluxma hallarının əksəriyyəti Avropada (ümumilikdə 104 min) qeydə alınıb. Həmçinin 9 840 ölüm hadisəsi haqqında bildirilir.