Newscenter.az.26.03.2020. “Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır”.
“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputat Erkin Qədirlinin sorğusuna cavabında deyib.
R.Bayramlı bildirib ki, xəstələrin yataq yerlərinə heç bir məhdudiyyət yoxdur: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.
O, həmçinin xəstəliyə yoluxması şübhəli hesab edilən şəxslərin əsasən cənub zonasında yerləşən xəstəxanalara aparılması məsələsinə də aydınlıq gətirib: “İlkin olaraq, İrandan ölkəyə gələn vətəndaşlarımız çoxluq təşkil etdiyindən Azərbaycanın cənub bölgələrində karantin xəstəxanaları (Astara, Masallı, Cəlilabad, Neftçala) yaradıldı. Bundan əlavə, Qobustan Rayon Mərkəzi Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər İnstitutu və 2 saylı şəhər xəstəxanaları da karantin xəstəxanaları kimi müəyyənləşdirilib. Eyni zamanda, ölkənin bütün bölgələrində karantin xəstəxanaları müəyyənləşdirilib. Ehtiyac yarandığı təqdirdə, hər birindən istifadə ediləcək”.