Newscenter.az.24.03.2020. Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfər virusdan ölüb. Ancaq buna səbəb heç də koronavirus (COVID-19) infeksiyası olmayıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Çin hökumətinə yaxınlığı ilə tanınan ingilisdilli “Global Times” yayıb.
Məlumata görə, ölən şəxsdən analizlər alınıb və nəticədə onda hantavirusun olduğu məlum olub. Onunla birgə avtobusda olan 32 sərnişin də analiz verib.
Qeyd edək ki, hantavirus koronavirusdan fərqli olaraq insandan insana keçmir. Araşdırmalara görə, hantavirusa yoluxma gəmirici və ya gəmirici idrarı ilə təmasdan ola bilər. Kanada İctimai Səhiyyə Mərkəzinin araşdırmasına görə, hantavirus qida və ya tüpürcək yolu ilə də keçə bilər.
Xəstəlik simptomlarının müddəti 1-8 həftə arasıdır. Yüksək hərarət, yorğunluq, ciddi əzələ ağrıları, baş gicəllənməsi, diareya və ürəkbulanma hantavirusun ən çox yayılmış əlamətləridir.
Hantavirus infeksiyasının vaksini və ya xüsusi müalicə üsulu mövcud deyil.