Newscenter.az.25.03.2020. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.
Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilmişdir.
Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantik rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.
Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulmuşdur.
Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.