Newscenter.az.27.03.2020. Bu gün koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi müddət ərzində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Bəs görəsən Azərbaycan Ordusunda koronavirusa qarşı hansı tədbirlər görülür?
Newscenter.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında ölkədə aparılan gigiyena, əks-epidemik və dezinfeksiya işlərinin fonunda Azərbaycan Ordusunda da profilaktik tədbirlər həyata keçirilir. O, bildirib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
"Yaradılan qərargah qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılmasına imkan yaradır. İlk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi haqqında" imzalanan müvafiq Fərmanı xüsusi vurğulamaq istərdim. Bununla yanaşı, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixindən "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilib və nəzərdə tutulan tədbirlər həyata keçirilib. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə əhalisinin, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunu orduda xidmət edən bütün şəxsi heyət və onların yaxınları hər addımda hiss edirlər. Cənab Ali Baş Komandanın tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi də hərbi qulluqçuların sağlamlığının qorunmasına dair müvafiq əmr və sərəncamlar verib və onların yerinə yetirilməsinə xüsusi nəzarət edilir. Müvafiq olaraq Azərbaycan Ordusunun şəxsi heyətinin yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmasının qarşısının alınması üçün Azərbaycan Respublikasının Müdafiə naziri əmr imzalayıb və Tədbirlər Planı təsdiqləyib. Bundan əlavə, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi də Azərbaycan Ordusunun hərbi qulluqçularının və mülki işçilərinin sağlamlığının qorunması, koronavirus infeksiyasının hərbi hissələrə sirayətinin qarşısının alınması məqsədi ilə müvafiq əmr imzalayıb".
General-mayor Natiq Əliyev Tibb Baş İdarəsində koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatların hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilməsi məsələsinə də toxunub.
"Məlum olduğu kimi, ÜST yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada çox geniş yayılmasını və artan templə davam etməsini nəzərə alaraq pandemiya elan edib. Yuxarıda qeyd etdiyimiz kimi, xəstəlik hələ pandemiya elan edilməzdən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görməyə başlayıb. Həmçinin hərbi həkimlərin hazırlığının artırılması, onların müvafiq təlimatlarla təmin olunması üçün Tibb Baş İdarəsində koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatlar hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilib. Bir sözlə, koronavirusa qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) ilə koordinasiyalı iş təşkil edilib. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərməkdədir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib".
Azərbaycan Ordusunda yoluxucu xəstəliklərə qarşı mübarizə məsələsinə də toxunan general-mayor Natiq Əliyev qeyd edib ki, yoluxucu xəstəliklərdən qorunma ÜST-in tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks-epidemik tədbirlər kompleksi çərçivəsində aparılır:
"Bu tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması, yəni, təsirinin minimallaşdırılması. Hərbi qulluqçular arasında qeyd olunan tədbirlər kompleksinin effektiv həyata keçirilməsi rəhbərliyin daimi tələbidir. Hospitallara və tibb məntəqələrinə istənilən məsələ ilə bağlı müraciət edən hər bir hərbi qulluqçu barədə məlumat dərhal rəhbərliyə məruzə olunur, eyni zamanda, çevik, adekvat, profilaktik və diaqnostik müalicə tədbirləri görülür. Məhz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət və qayğısı, ordu rəhbərliyinin ciddiliyi və tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində hal-hazırda hərbi qulluqçularımızın sağlamlığı yüksək səviyyədə təmin olunur".
İdarə rəisi qeyd edib ki, nəticədə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissə və müəssisələr ciddi əks-epidemik iş şəraitində fəaliyyətə hazırlanıb, onlar lazımi avadanlıqlarla təchiz edilib, tibb heyət təlimatlandırılıb:
"Personal fərdi mühafizə vasitələri ilə (qoruyucu geyim, tibbi maskalar, əlcəklər və sair) təchiz olunub. Hospital və poliklinikalar həkim-infeksionistlərlə komplektləşdirilib. Şəxsi heyət arasında koronavirus infeksiyasından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılmasından da söz açan İdarə rəisi onu da vurğuladı ki, bütün hərbi hissələr dərman preparatları, dezinfeksiyaedici maddələr və vasitələrlə tam təchiz olunub, onların ehtiyatı yaradılıb. "Şəxsi heyətə gündə 3 dəfə bədən termometriyası aparılır. Bununla yanaşı, hərbi qulluqçuların immunitetinin gücləndirilməsi (vitaminlər, fitonsidlər) üçün müvafiq tədbirlər görülür. Nəzarət-buraxılış məntəqələri, kazarmalar və sair yerlər gündəlik dezinfeksiya olunur. Hərbi hissəyə daxil olan hərbi qulluqçular və mülki işçilərə nəzarət-buraxılış məntəqələrində tibbi baxış və termometriya aparılır. Kazarma və otaqların havasının dəyişdirilməsinə, temperatur və rütubət rejiminə nəzarət gücləndirilib. Xüsusi zərurət olduğu hallar istisna olmaqla bütün ezamiyyətlər dayandırılıb. Ən əsası odur ki, aparılan profilaktik tədbirlərin keyfiyyətinə gündəlik nəzarət olunur".
Natiq Əliyev koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı və Azərbaycan Ordusunun şəxsi heyətini diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırıb.
Mehman