Newscenter.az.31.03.2020. Bakı Mühəndislik Universiteti (BMU) rektorluğunun Google Hangout Meet platforması üzərindən onlayn iclası keçirilib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, iclasda BMU-nun rektoru, professor Havar Məmmədov koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə karantin dövrü ərzində tədrisin onlayn təşkili məsələsi barədə danışıb. Rektor BMU-nun martın 29-dan təlim-tədris prosesini məsafədən davam etdirdiyini diqqətə çatdırıb. Universitetdə təhsilin məsafədən həyata keçirilməsi üçün bütün texniki imkanların mövcud olduğunu bildirən rektor H.Məmmədov bu prosesin Google Classroom LMS (Learning Managament System) tədris platforması üzərindən həyata keçirildiyini qeyd edib.
Onlayn təhsilin gedişinin ilkin nəticələrinin ətraflı müzakirə olunduğu iclasda rektor tələbələrlə də bu istiqamətdə müzakirələr aparılmasının vacibliyini vurğulayıb. Bildirib ki, onlayn dərsə cəlb olunan tələbələrin sayı daha da artırılmalı və hamını əhatə etməlidir.
Rektor H. Məmmədov COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını və yayılma sürətini nəzərə alaraq, universitet əməkdaşlarını, tələbələrini Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etməyə, həmçinin özünütəcrid tədbirlərinə uyğun davranmağa çağırıb.
Rektorluğun iclasında tədrisin təşkilinin davamlılığının mövcud şəraitə uyğun davam etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb və tələbələrlə ciddi iş aparılmasının əhəmiyyəti qeyd olunub.
İclas mövcud çatışmazlıqların təhlil olunması və daha da təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atılmasının qərara alınması ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi və yoluxma hallarının qarşısının alınması məqsədilə 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilib) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
R.Mehdiyeva