Newscenter.az.31.03.2020. Ukraynanın nüfuzlu lb.ua informasiya portalında Azərbaycanın koronavirusa qarşı apardığı effektiv mübarizəsinə dair məqalə dərc edilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Newscenter.az-a bildirilib ki, ukraynalı jurnalist Aleksandr Demçenkonun müəllifi olduğu “Azərbaycan koronavirus təşvişindən necə qaça bildi, Ukrayna üçün dərs!” sərlövhəli məqalədə Azərbaycanın koronavirusla bağlı böhran vəziyyətdə yaratdığı sivil imkanlar qeyd olunur. Bildirilir ki, bu məsələdə Azərbaycan digər ölkələr üçün nümunə olmalıdır.
Müəllif yazır ki, Azərbaycanda koronavirusun yayıldığı ölkələrdən gələn vətəndaşları xüsusi yoxlanışdan keçdikdən sonra mütləq karantinə göndərilir. Onlar dörd-beş ulduzlu hotellərdə, Olimpiya şəhərciyində yerləşdirilir, bütün xərcləri dövlət öz üzərinə götürür. Karantin dövründə vətəndaşlar həkimlərin nəzarəti altında olur, onlar virus daşıyıcısı kimi digər insanları, yaxınlarını təhlükə altına salmırlar. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti koronavirusun yayılmasının bütün mümkün risklərini dərhal zərərsizləşdirir.
Bundan başqa Azərbaycan dövləti koronavirusla mübarizəni dəstəkləyən fond yaradıb, onun ehtiyacları üçün bir milyard manat vəsait ayrılıb, bu təxminən 600 milyon dollara bərabərdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı - ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ayrı-ayrılıqda illik maaşlarını bu fonda ianə verdilər. Bu gün bütün xalq həmrəylik göstərərək fonda ianələr köçürür.
Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Tibb ocağı 575 çarpayılıqdır, xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq. Əvvəlcə xəstəxana yalnız koronavirusa yoluxanları qəbul edəcək.
Müəllif Ukraynada təhsil alan azərbaycanlı tələbələrin və soydaşlarımızın koronavirusdan qorunması üçün diaspor təşkilatlarımızın və “SOCAR Energy Ukraine” şirkətinin həyata keçirdiyi aksiyalara da toxunub. Şirkət təkcə Ukraynada qalan azərbaycanlılar deyil, eyni zamanda Ukraynada çalışan tibb işçilərinə də yardımını əsirgəməyib. SOCAR Ukraynanın Səhiyyə Nazirliyinə 10 min litr yanacaq hədiyyə edib.
Diasporla İş üzrə Dövlət Komitəsi isə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə soydaşlarımıza müvafiq yardımlar göstərir, Operativ Qərargah və “Qaynar xətt” yaradılıb.
Məqalədə, həmçinin yaşlı insanların koronavirusdan qorumaq üçün göstərilən xüsusi dövlət qayğısından və xəstəliyin yayılmaması üçün Azərbaycan dövlətinin gördüyü işlərdən geniş bəhs edilib.
Mehman