Newscenter.az.27.04.2020. Bu gün - 27 aprel 2020-ci il tarixində Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 100-cü ili tamam olur.
Heç şübhəsiz ki, 27 aprel 1920-ci il xalqımızın çoxəsrlik tarixinin ən acı səhifələrindən biridir.
1917-ci ildə Rusiyada Fevral inqilabı, sonra isə Oktyabr inqilabı baş verdi və bununla da dünya iki siyasi sistemə - kapitalist və sosialist sisteminə bölündü. Elə o vaxtdan dünyanı təsir dairələrinə cəlb etmək uğrunda şiddətli mübarizə başlandı. Bu məqsədlə yeni qurulmuş Azərbaycan Demokratik Respublikasını süquta uğratmaq və ölkədə Sovet hakimiyyətinin qurulması üçün Qafqaz Cəbhəsinin komandiri Mixail Tuxaçevski və İnqilabçı Hərbi Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmış plan əsasında Sovet Rusiyasının rəhbəri Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il aprelin 27-də Bakıya daxil oldu.
Beləliklə, 28 aprel Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü kimi elan edildi.
Elə həmin gün San-Remo konfransında iştirak edən Azərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq dövlətlərin Ali Şurasına, İtaliya hökumətinə və Romada olan səfirliklərə suveren Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada qeyd olunurdu: "Azərbaycan nümayəndələri ümid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir".
Bu məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə verildi. Lakin bunların elə bir əhəmiyyəti olmadı. Antanta ölkələri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Təəssüf ki, müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) beynəlxalq münasibətlər sistemində iştirakı “aprel işğalı” ilə sona çatdı.
Tarixi nəticə ondan ibarətdir ki, cümhuriyyət qurucuları milli dövlətimizin məqsəd və məramını, müstəqil olmaq qüdrətini açıq-aydın şəkildə bütün dünyaya nümayiş etdirdilər. Amma müstəqillik, milli dövlətçilik ideyasını xalqımızın məfkurəsinə, kütlələrin ruhuna tam olaraq çatdıra bilmədilər. Bununla belə 23 ay yaşamasına baxmayaraq, çox ciddi işlər gördülər. Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalsa da, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələri əsasında onu inkişaf etdirdi və ən yüksək səviyyəyə qaldırmağı bacardı.
Artıq bizim bütün sahələrdə özünü doğruldan müstəqilliyimiz var. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".
Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir. Təəssüflər olsun ki, bu gün də həm ölkə daxilində, həm də ölkədən kənarda olan bəzi qüvvələr hələ də müstəqilliyimizin qiymətini tam olaraq dərk etmir, bəziləri isə hətta müstəqilliyimizə, dövlətçiliyimizə zərbə vurmaqla məşguldur. Lakin belələri unudurlar ki, xalqımızın müstəqillik məfkurəsi artıq 1920-ci ildəki səviyyədə deyil. 20 Yanvar dirənişi və qəhrəmanlığı, Qarabağ döyüşləri, son aprel zəfəri müstəqillik, dövlətçilik ideyalarına xalqımızın nə qədər sadiq olduğunun təzahürlərindən bir neçəsidir.
Heç bir qüvvə hakimiyyətin mənbəyi olan xalqla, onun seçdiyi rəhbər arasına girə bilməz. Bu gün dövlətimiz etibarlı əllərdədir. Xalqını düşünən, layiqincə təmsil edər rəhbərliyi var.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımız, dövlətimiz və müstəqilliyimiz üçün gördüyü işlər dediklərimizə əyani sübutdur.
Daim var ol Azərbaycan xalqı!
Əbədi yaşa Müstəqil Azərbaycan!
Sadiq Qurbanov-Milli Məclisin deputatı