Newscenter.az.23.06.2020. Məhşurlardan birinin fikridir: Dünyanın cəmi iki möcüzəsi var - qadın və musiqi. Qadınsa ən möhtəşəm musiqidir. Əslində bu mövzuda biz xanımların danışması ola bilsin təvəzökarlıqdan bir qədər uzaq görünsün, ancaq biz özümüzü daha yaxşı tanıyır və anlayırıq.
Artıq lap çoxdan sübut olunub ki, qadınlarla kişilərin daxili beyin quruluşunda fərq var. Kişilər bir, yaxud iki qərarvermə gücünüə malik olduqları halda qadınlar 5-6 qərarvermə gücünə malik olurlar. Əslində kişilər Aristotel - yəni hə və yox, qadınlar isə Lütfi Zadə - yəni hə ilə yox-un arasında minlərlə qərarlar var məntiqi ilə düşünürlər. Kişi düşdüyü vəziyyətdən çıxmağın uzağı iki yolunu bildiyi halda, qadınlar 6 yolunu bilirlər. Ona görə qadınlara sülhpərvər deyirlər. Müharibə və sülh varinatları arasında elə variantlar var ki, müharibədən az ziyanlı, sülhdən çox xeyirlidirlər.
Əslində insanların qadın və kişi olaraq birləşmələri, ailə çətiri altına girmələrinin də səbəbi məhz onların çətin həyat şərtlərindən, ağır sınaqlardan uğurla çıxmasına xidmət edir. Görürsünüzmü, insan bəlli yaşından sonra ailə qurmağa ehtiyac duyur. Çünki, artıq həyat şərtləri ilə üz-üzə qalır. Kişi iki qərarvermə gücü ilə bu şərtlərə əməl etməkdə çətinlik çəkir. Güclər birləşəndə isə artıq iki nəfərin birlikdə 8 qərarvermə ehtiyatı olur.
Qadının gücünü onun yaradan olması ilə də göstərmək mümkündür. Elə bu mənada İslam dini qadına ən böyük hüquqlar verib. Bəzən dini təhrif etməyimizin nəticəsində qadınlarıa bağlı yanlış fikirlər səsləndiririk.
Qədim Dünya dinlərində doğum hadisəsinin “ruhların işi” olduğuna inanırdılar. Əski Yunanlılar doğumda qadının heç bir təsirinin olmadığını düşünərək, bütün hər şeyin kişidən gəldiyinə inanır və qadını insan yerinə belə qoymazdılar. Tövratda Həvvanın qabırğa sümüyündən yaradıldığı yazılıb. Xristianlar üçün isə Həvva Adəmi aldadan bir məxluq olduğu üçün lap əvvəldən “Şeytan”dır. Lakin Quran insanın doğumunu “qarışıq bir su”dan yaradıldığını söyləyərək uşağın yaradılmasında kişi və qadının birlikdə təsirinin olduğunu açıqlayır. Əski Yunanlılarda olduğu kimi törəmənin sadəcə kişiyə aid olduğunu söyləmir. Xristianlarda olduğu kimi də lap əvvəldən qadını “Şeytan” olaraq dəyərləndirmir, Yəhudilərdə olduğu kimi də “qabırğa sümüyü” hekayəsini də anlatmır. Tam real qiymətini verir.
Allah qadınları çox yüksək qiymətləndirir. O, qadınları övlad, ana, həyat yoldaşı kimi dəyərləndirərək onlara kişilərə verilməyən bir çox hüquqlar və üstünlüklər vermişdir. İslamda qadın haqqında yanlış fikirlərin bəziləri islama aid olmayan adətlərin islama aid edilməsi ilə bağlıdır. İslamdan əvvəl yeni doğulmuş qız uşaqlarını diri basdırmaq, müasir dövrdə çox yayılmış ana bətnində qızların öldürülərək yaşamaq hüququndan məhrum etmək islam tərəfindən qadağan olunur.
Allah Quranda kişilərə qadınların hüquqlarını pozmamağı əmr edir. Qızları məcbur ərə vermək, onları qaçırtmaq haramdır. Qadının həyat yoldaşı onu maddi təmin etməlidir və hətta boşandıqdan sonra da onun qayğısına qalmağa borcludur. Allah qadınlara miras almaq hüququ, mülkiyyətçi olmaq hüququ vermişdir.
Qadınları gücləri çatmayan işə vadar etmək islamda qadağan olunmuşur. Bu həm dini, həm də dünyəvi işlərə aiddir. Onlarla hər hansı işə dəvət edərkən ehtiyatla olmaq, hikmət və nəsihətlə davranmaq buyurulmuşdur.
İslamda qadınların təhsilinə mane olmağa icazə verilməmişdir. Əksinə onlara bu işdə kömək etmək bəyənilir.
Peyğəmərimiz buyurmuşdur: "Həyat yoldaşlarınızın hüquqlarını qorumaqda Allahdan qorxun! Çünki onlar sizə Allahın əmanəti olaraq həyat yoldaşı olmuşlar" Peyğəmbərimz(s.a.s) özü də ailə həyatında müxtəlif vəziyyətlərlə qarşılaşmışdır, lakin heç vaxt həyat yoldaşlarına əl qaldırmamışdır... Peyğəmərimiz(s.a.s) buyurmuşdur: "Sizlərdən ən xeyirlinz, ailəsi ilə gözəl rəftar edəndir".
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur .Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur. Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.
Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): “Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır" - burumuşdur. Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir:
- Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!
- Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar.
- Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.
- Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.
- Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır .
- Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.
- Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər
- Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin!
- Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar.
- İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər.
Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər. Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir. İltifatsız mərifət isə zaydır.
Azərbaycan layiqi ölkə olsa da, bizdə dinlə dövlət ayrı olsalar da dini adətlərə, islamın şərtlərinə həmişə əməl edilib. Dindəki qadın hüquqları Azərbaycan cəmiyyətində xüsusi olaraq qorunur və dövlət səviyyəsində qəbul olunan qanunlar, proqramlar və onlardan irəli gələn idaretmədəki mübarək əməllər qadınları ən yüksək hörmət və diqqətlə əhatələmiş olur.
Qadın elə bir qüvvədir ki, dünyanın yaradılışı məhz onunla bağlıdır. İki yaradan var - Allah və qadın. Qadın məhz dünyaya insan gətirəndə Allahla eyniləşir. Belə bir varlıq barəsində deyilən bütün xoş sözlər yenə də azdır.
Təranə Paşayeva
“Loqos” un rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin sədri