Newscenter.az.28.06.2020. Bir neçə gündür ki, bizə müraciət edən vətəndaşlardan birinin qaldırdığı problemlə bağlı araşdırma aparmağa çalışırıq. Məsələ karantin dövründə immunbasqılayıcı preparatlar qəbul etmək məcburiyyətində olan vətəndaşların üzləşdiyi problemlə bağlıdır.
Səhiyyə Nazirliyinin və digər internet resurslardan əldə etdiyimiz məlumatlara əsasən Azərbaycanda hal-hazırda 1000-ə yaxın böyrək və 280-ə yaxın qaraciyəri transplantasiya olunmuş insan var (təəssüf ki, açıq resurslarda daha dəqiq statistikanı əldə edə bilmədim). Bu insanlar ömürlərinin qalan hissəsini immunbasqılayıcı preparatlar qəbul etmək məcburiyyətindədir. Dövlət bu kateqoriyada olan vətəndaşlarımızın dərman təminatını təmamilə öz üzərinə götürüb.
Lakin müraciətə əsasən bu məsələdə müəyyən çətinliklərin olması bəlli olur. Belə ki, dozaların müəyyən olunması müalicə həkimi tərəfindən təyin olunursa, həmin dozaların təsdiqi və preparatların verilməsi yalnız Bakıda və yalnız bir yerdə (Semaşko xəstəxanasında) aparılır. Nəzərə alsaq ki, xəstələr ayda bir dəfə bu prosedurlardan keçərək dərman alırlar, bu həm çox yorucudur, həm də müəyyən maddi xərclər tələb edir (bölgələrdən Bakıya gəlib getmək və digər maliyyə məsrəfləri).
Hazırda karantin rejimi ilə bağlı bu insanlar ciddi çətinliklə üzləşirlər. Bizim koronavirusa yoluxmuş insanların həyatını xilas etmək istədiyimiz bir dönəmdə, bu tip xəstəlikləri olan insanların səhhətinin pozulmasına yol verməməliyik.
Dərmanların alınması üçün yeni mexanizmin yaradılması, bu prosedurun asanlaşdırılması, xəstələrin qeydiyyat ünvanları üzrə poliklinikalarda preparatların verilməsi zərurəti yaranır.
Qeyd etdiklərimlə əlaqədar Səhiyyə Nazirliyinə müraciət ünvanlayıram.
Nigar Arpadarai-Milli Məclisin deputatı