Newscenter.az.30.06.2020. Memarlığımızın şah əsərlərindən biri, qədim tariximizin canlı salnaməsi olan İçərişəhər əsrlərin sınağından çıxaraq bu günümüzün möhtəşəm abidəsi kimi öz tarixiliyini qoruyub saxlamaqdadır. Qədim Bakının keçmişini, məişətini, milli-mədəni arxitektura nümunələrini özündə yaşadan bu abidəyə ictimaiyyət nümayəndələrinin, tarixçilərin, tədqiqatçıların və dövləti həmişə xüsusi qayğısı hiss olunmaqdadır.
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın İçərişəhərə xüsusi bir qayğısı, həssas doğmalığı isə hər kəsə bir nümunədir. Bu məkan Mehriban xanım üçün çox doğma və əzizdir. İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi də məhz Mehriban xanımın fədakar mədəniyyət diplomatiyasının təntənəsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri İçərişəhəri və Qoşa Qala qapılarını əhatə edir. Bu gün davam etdirilən bərpa işləri İçərişəhərin tarxi əzəmətini və vüqarını dünyaya nümayiş etdirir.
Mehriban xanım Əliyeva İçərişəhərə bizim zəngin ssərvətimiz kimi yanaşır və keşiyində dayanır. Yəqin ki, yaddan çıxmayıb, bir neçə il əvvəl bəzi işbazlar İçərişəhərdə qala divarlarına bitişik yöndəmsiz hansısa tikili aparmaq istəyirdi. Mehriban xanımın sərt müdaxiləsi onların planlarını alt-üst etdi. Onun “İçərişəhər Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Fəxr edirik ki, Bakımızın belə İçərişəhəri var. Əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq” sözləri hər kəsə bir xəbərdarlıq idi. Bununla da Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi olan İçərişəhərin gözəlliyinə xələl gətirə biləcək bütün hallara son qoyuldu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hər zaman İçərişəhərdə olur, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə yaxından tanış olaraq ən incəlikləri diqqətdə saxlayır. Novruz bayramında Prezident İlhamla Onun bu qədim məkanı gəzintiyə çıxması ənənəyə çevrilib. özlüyündə xalqımız üçün böyük qürurverici bir faktdır.
İyunun 29-da Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olması bir daha bu zəngin tarixi sərvətimizə olan həssas qayğıdan xəbər verir. Bir neçə gün əvvəl Cənab Prezidentin və Mehriban xanımın Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etməsi də ölkəmizin memarlıq abidələrinə olan xüsusi ehtiramın nümunəsidir.
Mehriban xanım milli-mənəvi, maddi dəyərlərimizin, zəngin tarixi irsimizin hamisidir. Məhz Onun birbaşa təşəbbüsü ilə ənənəvi milli irsimizin geniş təbliği və dünyada tanıdılması sahəsində intibah başlayıb. Onun təşkilatçılığı ilə incəsənətimizin təbliği istiqamətində əvəzedilməz proqramlar gerçəkləşdirilir. Onun böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Onun UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də məhz milli irsə, tarixi sərvətlərə, dünya mədəniyyətinə verdiyi töhfələrin, səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyətin nəticəsidir.
Həm maddi, həm də qeyri-maddi mədəni irs nümunələrimizin, tarixi sərvətlərimizin qorunması, saxlanması və dünyada tanıdılmasında Mehriban Əliyevanın möhtəşəm imzası vardır.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor