Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatdan vətəndaşlara çağırış: " İnsanların məsuliyyətsiliyi aradan qalxmasabir müddət sonra yoluxanların sayı dəfələrlə artacaq"



Newscenter.az.30.06.2020. Mən bu gün koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair çağırış etmək, müraciət etmək istəyirəm. İnanıram ki, pandemiyadan irəli gələn vəziyyət barədə hər bir vətəndaşımızın məlumatı var.

Bu gün hər kəs gündəlik dünyada və Azərbaycanda nə qədər insanın koronavirusa yoluxduğunu və vəfat etdiyini göstərən statistika ilə tanışdır. Lakin istərdim ki, hər bir Azərbaycan vətəndaşı pandemiyanın görünməyən tərəfləri barədə məlumatlansın və bizi nələr gözləyə biləcəyini, hansı təhlükələrlə qarşılaşa biləcəyimizi bilsin.

Son günlərdə ekspertlərin və mütəxəssislərin hesablamalarına görə dünya əhalisinin 60-70 faizi virusa yoluxa bilər. Bu isə 3-4 milyard insanın yoluxması, 150-200 milyona qədər insanın isə pandemiyanın qurbanı olması deməkdir.

Hazırda dünyada ABŞ, Braziliya, Rusiya, İran, Meksika, Pakistan kimi ölkələr var ki, orada gündəlik yoluxma 4-20 min nəfər arasıdır. Azərbaycanda isə 16 mindən çox vətəndaşımız koronavirusa yoluxub. Çox təəssüf olsun ki, 200 nəfərə qədər insan bu virusun qurbanı olub. Vəziyyətin hansı səbəblərdən bu həddə çatması barədə heç düşünmüşükmü?

Mart-aprel ayında Azərbaycanda minədək yoluxan var idisə, bu gün bu rəqəm 16 dəfə artıb. Biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30-50, yumşalmadan sonra 100-150, sonrakı mərhələdə 250-350 statistikasını qeyd edirdik. Bu gün isə artıq 500-600 arası yoluxmadan danışırıq. Ölüm hallarından isə söz düşəndə gündəlik eşitdiyimiz 1-2 rəqəmi artıq 6-7 səviyyəsinə yüksəlib. Heç təhlil etmişikmi ki, bu cür dinamika bizə nələr vəd edir?

Nə qədər acı olsa da, artıq etiraf olunmalıdır ki, insanların məsuliyyətsiliyi aradan qalxmasa, karantin qaydalarına riayət edilməsə, yemək-içmək məclisləri, şəxsi istirahət, fərdi maraqlar xalq, dövlət naminə kənara qoyulmasa, bir müddət sonra yoluxanların sayı dəfələrlə artacaq, xəstəxanalarda yer çatışmazlığı olacaq. Ən pisi isə ambulator müalicəyə cəlb olunanlar dərman tapa bilməyəcəklər. Səbəb isə çox açıqdır. Dünyanın heç bir ölkəsinin səhiyyəsi bu cür virus hücumuna hazır deyildi. Təsəvvür edin ki, əgər bu gün tibbi avadanlıqları sifariş verdiyimiz ölkələr öhdəliklərini öz maraqlarına görə yerinə yetirə bilmirlərsə, o zaman sabah dərman istehsalçısı olan ölkələr dərman satmaqdan da imtina edə bilər. O zaman nə edəcəyik? Bəli, dövlətin kifayət qədər pulu var. Bəs, dünyada elə bir ölkə tapılacaqmı ki, bizə lazımi avadanlıqları və dərmanları satsın?

Həmkarlarımdan xahiş edirəm ki, bu və digər təhdid doğuran məsələlərlə bağlı seçicilərinə müraciət etsinlər, onları karantin qaydalarına tam riayət etməyə çağırsınlar.

Jurnalistlərdən xahiş edirəm ki, populizm, sensasiya xatirinə informasiya yaymasınlar, sosial şəbəkələrdəki təxribatları ifşa etsinlər, dövlət və xalq əleyhinə ləkələmə kampaniyası aparanları, karantin qaydalarını pozan, maskadan istifadə etməyən insanları sərt ictimai qınağa məruz qoysunlar.

Hüquq-mühafizə orqanlarından xahişim isə odur ki, cərimələrin artırılması ilə əlaqədar onlar da nəzarəti daha da gücləndirsinlər.
Koronavirus pandemiyası görünməz düşmənlə müharibədir və proseslər xalqın, dövlətin maraqları naminə sərt, müharibə qanunları ilə idarə olunmalıdır. Xalqımız, cəmiyyətimiz xəstəliyə yoluxandan sonra nə demokratiya, nə də insan haqları bizə kömək edəcək.
Bir daha qeyd etmək istəyirəm ki, əlverişli şansımızı itirmişik. Bugünkü acı reallıqlarla üz-üzəyik. Ən azından bundan sonra imkan verməyək ki, virusun yayılma və öldürmə arealı genişlənsin.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş