Newscenter.az.3.07.2020. Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüşüb. Səfirlikdən Newscenter.az-a bildirilib ki, görüşdə siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəniyyət, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri müzakirə edilib.
Ə.Caparova vurğulayıb ki, pandemiya dövründə Azərbaycan Ukraynaya digər ölkələrlə müqayisədə ən böyük humanitar yardım edib. Buna görə Azərbaycan dövlətinə təşəkkürünü çatdıran Ə.Caparova iki ölkə arasında əməkdaşlığın inkişafından məmnun olduqlarını ifadə edib. Bildirib ki, Ukrayna böyük səbirsizliklə Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfərini gözləyir.
GUAM-a üzv dövlətlərin əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyinə toxunan Ukrayna Xarici İşlər nazirinin birinci müavini bu təşkilat çərçivəsində hökumət rəhbərlərinin növbəti görüşünün keçirilməsinin vacib olduğunu söyləyib.
Səfir E.Axundova Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Səfir Azərbaycan və Ukraynanın ikitərəfli və beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiyini xatırladaraq, ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına dair nümayiş etdirdiyi mövqeyə görə rəsmi Kiyevə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Ukraynanın beynəlxalq platformada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Görüşdə tərəflər iki ölkənin bir-birlərinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəklədiklərini bir daha bəyan ediblər.
Anar