Dövlətin səhiyyə sahəsinə diqqəti də bu prosesdə mühüm rol oynayır
Newscenter.az.16.07.2020. Tam yarım ildir ki, dünya koronavirus bəlası ilə üz-üzədir. Keçən ilin sonlarından Çindən yayılmağa başlayan koronavirus qısa zaman ərzində dünyanın demək olar ki, dörd bir tərəfini öz cənginə almağa müvəffəq oldu. Hər nə qədər virusun geniş arealda yayılmasına qarşı adekvat tədbirlər görülsə də, lakin onu önləmək, qarşısını almaq təəssüf ki, mümkün olmadı. Bunun başlıca səbəblərindən biri də ümumilikdə dünya səhiyyəsinin bu xəstəliyə qarşı mübarizə apara biləcək gücdə olmaması idi. Ötən müddət ərzində pandemiya səviyyəsinə gəlib çatan bu virusa qarşı hər hansı bir vaksin, pereparatın tapılmaması də, deyilənləri, dünya səhiyyəsinin koronavirus pandemiyası qarşısında aciz qaldığını təsdiqləyir. Ona görə də COVİD-19 adı alan bu virusa qarşı ayrı-ayrı ölkələr öz tibbi imkanları daxilində mübarizə aparır. Nisbətən səmərəli mübarizə aparıb COVİD-19-u qismən zərərsizləşdirən dövlətlər də var, onun qarşısında aciz duruma düşənlər də.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan da günümüzdə koronavirus pandemiyasından ciddi əziyyət çəkir. Düzdür, Azərbaycan dövləti, hökumətinin zamanında, hələ virusun geniş areala yayılmadığı ərəfədə aldığı tədbirlər, atdığı adekvat addımlar ölkəmizi Çin, İtaliya, İspaniya, İran kimi acı tale yaşayan dövlətlərlə eyni sırada qərarlaşdırmadı. Təbii ki, bunu da şərtləndirən başlıca səbəblərdən biri əgər zamanında atılan adekvat addımlar idisə, digəri ötən illər ərzində ölkədə səhiyyə sahəsində həyata keçirilən tədbirlər, infrastruktur layihıələri, yeni tibb və səhiyyə ocaqlarının tikintisi idi. Paytaxt da daxil olmaqla, respublikanın müxtəlif regionlarında son 17 ilə yaxın müddət ərzində tikilib istifadəyə verilən səhiyyə ocaqları, tibb mərkəzləri, müasir tipli xəstəxanalar bu gün koronavirus pandemiyasına qarşı aparılan mübarizədə önəmli rol oynayır.
Məlumat üçün qeyd edək ki, hazırda ölkəmizdə 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikasına görə, Azərbaycanda 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmnunluğu yaradır. Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Bütün bu mövcud olan səhiyyə resursları, tibbi avadanlıqlar bizə imkan yaratdı ki, koronavirus pandemiyasına qarşı uğurlu mübarizə aparaq. Bu birmənalıdır ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparılır və bu mübarizədə həkimlərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır. Əgər zamanında bu kimi səhiyyə ocaqları tikilməsəydi, bu gün Azərbaycan da koronaviruslu xəstələrin xəstəxanalara yerləşdirilməsi problemi ilə üzləşəcəkdi. Necə ki, pandemiyanın ciddi zərər vurduğu ölkələrdə bunun şahidi olduq. Ancaq Azərbaycanda tamam fərqli situasiya yaşandı ki, bu da qeyd etdiyimiz kimi zamanında səhiyyə sisteminə ayrılan diqqət və qayğı, bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar idi.
Koronavirus pandemiyasının yayıldığı günlərdə isə səhiyyə, tibb sahəsinin prioritetliyi daha qabarıq şəkildə özünü göstərdi, bu sahəyə olan dövlət dəstəyi daha da artdı. Haqlı olaraq vətəndaşların sağlamlığı başlıca vəzifədir prinsipindən çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təkcə yeni tibb müəssisələrinin tikintisi deyil, eyni zamanda bu sahədə çalışan və günümüzün qəhrəmanları hesab edilən, şərəfli peşə sahinbləri, ağ xalatlıların əməyini yüksək qiymətləndirdi. Koronavirusla mübarizədə canlarını belə fəda etməyə hazır olan tibb işçilərimizi mükafatlandırdı, onların əməyinə yüksək qiymət verdi.
Çünki koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz, bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir.
Ümumiyyətlə, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Bütün dünyanı COVİD-19 virusu isə bu diqqəti daha da artırıb. Koronavirus pandemiyasının yayıldığı günlərdə Yeni Klinika, müasir standartlara cavab verən tibb mərkəzi, həmçinin modul tipli xəstəxanaların açılışı Azərbaycan dövlətinin bu bəlaya qarşı nə dərəcədə səfərbər olduğunu bir daha təsdiq edir.
Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər. Xəstələrin sağlamlığa qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətini xüsusilə qiymətləndirməli, onlara minnətdar olmalıyıq. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir.
Həm dövlətin və şəxsən dövlət başçısının səhiyyə sisteminə olan diqqət və qayğısı, bu sahəyə dəstəyin artırılması, həm də şərəfli peşə sahiblərinin yorulmadan, usanmadan çalışmaları onu deməyə əsas verir ki, tezliklə dövlət, xalq olaraq bu bəlanın da öhdəsindən layiqincə gələcəyik.
Ruhiyyə Mehdiyeva
Yazı SOCAR AQŞ-nin "Milli mətbuat koronavirusa qarşı" adlı jurnalist müsabiqəsinə təqdim edilir