Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün ölkəmizdəki Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi və vəhdəti düşmənləri çox narahat edir



Newscenter.az.18.07.2020. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi və vəhdəti yaşanır. Bu gün siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq, Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər. Bakı şəhərində keçirilmiş çoxminli yürüş və siyasi partiyaların birgə bəyanatı dediklərimizi bir daha sübut edir.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirib və Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər. Ölkəmizdə dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmələri milli həmrəyliyin və vəhdətin göstəricisidir. Elə 43 partiya sədrinin imzaladığı Birgə Bəyanat da birmənalı şəkildə nümayiş etdirir ki, Azərbaycanda düşmənə qarşı vahid mövqe və fikir var. VİP, REAL, ADP, AXP və digər müxalifət partiyalarının sədrlərinin Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını birmənalı şəkildə bildiriblər. Təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük veriblər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verirlər. Əlbəttə ki, böyük əksəriyyət siyasi partiyalar vəziyyəti düzgün dəyərləndirib, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildiriblər. Bir daha qeyd etməliyəm ki, Azərbaycanda hazırda mövcud olan siyasi vahidlik ilk dəfə müşahidə olunan prosesdir və ölkəmizin perspektivi baxımdan olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda ölkədə başlanmış siyasi dialoq və siyasi partiyalarla iş prosesinin məntiqi nəticəsidir.
Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdı və çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdi. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışıblar.

Buna baxmayaraq, təxribatın qarşısı alındı və nümayiş etdirildi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş