Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu



Newscenter.az.19.07.2020. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin qarşısında 100-ə yaxın erməni nümayiş keçirib.

Səfirlikdən "Report"a bildirilib ki, əks-tədbir olaraq Azərbaycan icmasının nümayəndələri, onların ailə üzvləri, həmsərhəd Almaniya və Belçikada yaşayan soydaşlarımız əvvəlcədən səfirlik ərazisinə toplaşaraq, müvafiq plakatlar, holland və ingilis dilində şüarlar, son təxribat nəticəsində cəbhədə həlak olmuş hərbçilərin və mülki şəxsin şəkillərini nümayiş etdiriblər.

Saat 3-də gələn erməni icmasının nümayəndələri azərbaycanlılar tərəfindən “Azərbaycan, Qarabağ” şüarları ilə qarşılanmış və səs gücləndirici vasitəsilə Azərbaycan himni və əsgər marşı ifa olunub. Daha sonra, Ermənistan tərəfindən işğal olunmuş ərazilər haqqında Niderland dilində məlumat verilərək onların adları bir-bir səsləndirilib.

Səfirliyin və Azərbaycan icmasının etirazlarına baxmayaraq, şəhər icra hakimiyyəti əvvəlcədən ermənilərə 7 saatlıq mitinq etməyə icazə verib. Bununla bağlı, səfir tərəfindən Niderland XİN-in protokol idarəsi və polis rəhbəri ilə bir neçə dəfə əlaqə saxlanılıb və nümayişin vaxtının azaldılması tələb edilib. Eyni zamanda, Azərbaycan icmasının nümayəndələri erməni icmasının nümayəndələri tərəfindən təxribata məruz qaldığı, onlara qarşı ermənilər tərəfindən şüşə butulkaların atılması polis tərəfindən qeydə alınıb.

Səfirlik və icma tərəfindən göstərilmiş birgə müqavimət nəticəsində ermənilərin nümayişi cəmi 2 saat çəkib, polis əlavə olaraq əraziyə atlı polis və xidməti itləri gətirərək, ermənilərin etirazına baxmayaraq, onları ərazidən uzaqlaşdırıb. Beləliklə, ermənilərin mitinqi 7 saat əvəzinə 2 saat baş tutub və bu da onların narazılığına səbəb olub. Daha sonra, səfirlik ərazisində Azərbaycan icmasının nümayəndələri toplaşıb.

Səfir Azərbaycan dövləti adından onlara təşəkkür edib, bu kimi tədbirlərdə birgə olmağa çağırış edilməklə yanaşı, son nöqtəyə qədər ermənilərə dirəniş göstərmək diqqətə çatdırılıb. Cavab olaraq, icma nümayəndələri dövlət başçısına öz sədaqətini bir daha ifadə edərək, “Vur, komandir, vur” deyərək Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər.
Xəbəri paylaş