Newscenter.az.24.07.2020. “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafını sərhədyanı və təmas xəttinə yaxın həssas bölgə kimi hər zaman dövlət başçısının diqqəti və qayğısı ilə əhatə olunan Goranboy rayonunun timsalında aydın şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, son illər ərzində ölkə rəhbəri Goranboy rayonuna 6 dəfə səfər edib və bu bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn 19 sərəncam imzalayıb”.
Newscenter.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Millət vəkili vurğulayıb ki, xalqımızın sosial rifahının yüksəldilməsi, əhalinin kommunal xidmətlərlə təminatının, o cümlədən içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində Goranboy rayonu da daxil olmaqla ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Deputat qeyd edib ki, cari ilin iyun ayında rayon rəhbərliyi ilə birgə Goranboyun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirakı ilə keçirilən səyyar görüşdə 8 minə yaxın əhalisi olan qəsəbənin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Görüşdə Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bilavasitə təşəbbüsüm və dəstəyimlə qəsəbədə yeni artezian quyusunun qazılması işlərinin təşkil ediləcəyi seçicilərə bildirilmişdi.
Artıq bir neçə gündür ki, qəsəbədə bütün müasir standartlara cavab verən subartezian quyusunun qazılması işlərinə başlanılıb və yeni artezian quyusu yaxın vaxtlarda yerli əhalinin istifadəsinə veriləcək. Bununla da Qızılhacılı sakinlərinin içməli suya olan tələbatının əsaslı şəkildə yaxşılaşdırılması təmin olunacaq.
Subartezian quyusunun qazıntı işlərinin başlanılmasında iştirak edən Qızılhacılı qəsəbə sakinləri sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Anar