Newscenter.az.25.07.2020. 2020-ci ilin İyul döyüşləri Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, cəmiyyətimizin Ali Baş Komandanımıza, Prezidentimizin siyasətinə dərin etimadı, Ordumuzla böyük fəxarət, şəhidlərimizlə yüksək qürur və xalqımızın, dünya Azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə yadda qaldı.
Düşmən ölkənin təxribatları ilə başlayan İyul döyüşləri Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı üçün təhdid olan istənilən hadisəyə, təxribata, təcavüzə hazırlıqlı olduğunu, Azərbaycan əsgərinin səngərdə, ön cəbhədəki ayıq-sayıqlığını, Azərbaycan xalqının mərdliyini, bütün dünya azərbaycanlılarının milli həmrəyliyini, Azərbaycanın işğalla heç vaxt barışmayacağını və Azərbaycan xalqının öz ərazi bütövlüyünün qorunması və bərpası uğrunda hər zaman gözlənilən müharibəyə hazır olduğunu növbəti dəfə sübut etdi.
2020-ci il iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində keçirilən Azərbaycan Ordusuna möhtəşəm dəstək yürüşü həmin iradənin təzahürü idi. İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin təxribatları ilə pozulan atəşkəs rejimi təkcə Silahlı Qüvvələrimizi ayağa qaldırmadı, hadisələrin sonrakı inkişafının göstərdiyi kimi, bütün xalqımızı səfərbər etdi. Cəbhə xəttindən yayılan rəsmi məlumatlar orada vəziyyətin nə qədər gərgin olduğunu göstərirdi.
Yüksəkrütbəli hərbi qulluqçularımız Azərbaycan əsgəri ilə səngərdə, müdafiənin ön xəttində çiyin-çiyinə qəhrəmanlıqla vuruşaraq işğalçı Ermənistanın iyulun 12-dən etibarən sərhəd xəttində törətdiyi təxribatların qarşısını qətiyyətlə aldı və düşmənin xain həmlələrini puç etdi. Düşmən nəinki hədəflədiyi Tovuz yüksəkliklərini ələ keçirməyə, heç bir santimetr də olsun öz postlarından irəli getməyi bacarmadı, əvəzində işğalçının sərhəd boyunca çoxsaylı dayaq məntəqələri, uzunmüddətli atəş nöqtələri, səhra idarəetmə məntəqəsi, hərbi nəqliyyat vasitələri, avtomobil texnikası, düşmənə məxsus kazarma, xeyli sayda canlı qüvvəsi, döyüş texnikası məhv edildi. Hərbi qulluqçularımızın Azərbaycan sərhədinin toxunulmazlığını qətiyyətlə qoruması və düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirməsi vətəndaşlarımızda və bütün dünya azərbaycanlılarında döyüş və qələbə ruhunu əhəmiyyətli dərəcədə yüksəltdi. Bu ağır döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla 12 nəfər hərbi qulluqçumuz qəhrəmancasına şəhid oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda İyul döyüşlərində qəhrəmancasına şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə, bütün Azərbaycan xalqına səbir diləyirəm. Yaralılarımıza tezliklə sağalıb Vətənin keşiyinə, cəbhədə yoldaşlarının sıralarına dönməyi arzu edirəm.
Onu da qeyd edək ki, bəşəriyyəti təhdid edən COVID-19 pandemiyasına qarşı mübarizə aparılan bir zamanda, qlobal atəşkəs çağırışlarına məhəl qoymadan, qlobal həmrəylik və birliyə ehtiyac olan bu günlərdə düşmən tərəfinin başlatdığı bu döyüşlər onun hansı mənəviyyat daşıyıcısı olduğunu da ortaya qoydu. Buna baxmayaraq, xalqımızın milli birlik və həmrəylik göstərərək ordumuzun, dövlətimizin və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafınfa sıx birləşdiyini bəyan etməsi gözlənilən hadisə idi.
Bölgələrimizdə və Bakı şəhərində insanların axın-axın küçələrə çıxaraq Ordumuza dəstək şüarları səsləndirməsi haqqında yürüşlərin başladığı elə ilk saatlarda xəbər tutdum. Əminəm ki, o dəstək şüarlarını eşidən, o insan selini görən hər bir Azərbaycan vətəndaşı o anda böyük qürur və fərəh hissi keçirirdi. Azərbaycan xalqı mərd xalqdır, tarix boyu öz torpağı və azadlığı uğrunda düşmənlə şərəflə, ləyaqətlə mübarizə aparan xalqdır. Torpaq bizim üçün milli şərəf məsələsidir. Azərbaycan xalqı o gecə Bakı küçələrindəki milli həmrəylik yürüşü ilə bütün dünyaya bir daha öz cəsarətini və milli birliyini, işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazır olduğunu və bir qarış da olsa torpağını düşmənə verməyəcəyini bir daha nümayiş etdirdi.
İndi təsəvvür edin ki, əzəli düşmənimiz Ermənistan Qarabağa aid olmayan və ondan 300 km uzaqda olan Tovuzda Azərbaycan sərhədini pozub və müharibəyə başlayıb. Ölkə təhlükədədir, düşmən strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək və böyük bir ərazini nəzarətdə saxlamaq niyyətindədir. Ön cəbhədə ayıq-sayıq dayanan qəhrəman hərbçilərimiz nəinki düşmən təxribatının qarşısını mətanətlə alır, hətta onlara sarsıdıcı zərbələr endirir. Bu gün Ali Baş Komandanın əmri olsa, Azərbaycan Ordusu düşmən ərazisinə keçmək və düşməni elə öz ərazisində əzmək gücündədir. İyul döyüşləri Azərbaycan xalqının bu əmrə nə qədər hazır olduğunu bir daha göstərdi. Səngərdə ağır döyüşlər gedən hər gün, hər saat hər bir Azərbaycan vətəndaşı diqqətlə gözləyirdi ki, Ali Baş Komandan bu əmri versin və xalqımızın çoxdanki arzusu gerçəkləşsin. Ordumuzun gücündən, düşmənə verdiyi layiqli cavablardan ruhlanan, ilhamlanan Azərbaycan gəncliyi, vətəndaşlarımız heç kimin göstərişi olmadan, öz təşəbbüsləri ilə əllərində Azərbaycan bayrağı Bakıda, bölgələrimizdə küçələrə axışır, çox keçmir ki, bir-iki saat ərzində bu yürüş böyük bir izdihama çevrilir. Bakı küçələrindəki yürüş boyu hamı bir ağızdan qəhrəman əsgərlərimizə, ordumuza, Ali Baş Komandanımıza dəstək şüarları səsləndirir, polisimiz bu dinc milli həmrəylik-dəstək yürüşünə nəinki mane olmur, əksinə vətəndaşlarımıza qoşularaq dəstək şüarları səsləndirirlər və bu möhtəşəm izdiham Milli Məclis binasının qarşısına gəlir. Sosial şəbəkələrdə yürüş canlı yayımlanırdı, hamımız izləyirdik, Milli Məclisin önündə bir insan seli var idi və xalqımızın bu milli birlik nümayişi hər birimizi qürurlandırırdı. Orada olan minlərlə insan ordumuza dəstək ifadə edərək onları daha da irəliyə getməyə, düşmən postlarını məhv etməyə, cəbhəyə gedib ərazi bütövlüyümüz və işğal altındakı torpaqlarımızı azad etmək üçün səfərbərlik elan olunması haqqında istəklərini bildirirdilər. Belə bir şəraitdə bu izdihamla yumruq kimi birləşmək, bir olmaq əvəzinə təəssüf ki, bəlli qüvvələrə xidmət edən bir qrup təxribatçı bu xoşməramlı xalq yürüşünü tamamilə başqa istiqamətə yönəltməyə cəhd etdilər. İnsan hələ də inana bilmir ki, içimizdə bu dərəcədə şüursuz, milli ruhdan uzaq tör-töküntülər var. Onlar bu təxribatları ilə nəyə nail oldular? Birmənalı olaraq heç nəyə, yalnız özlərini biabır və rüsvay etdilər, onların bu dözülməz hərəkətləri bütün Azərbaycan xalqının, ictimaiyyətin haqlı qınağına və nifrətinə tuş gəldi.
Hesab edirəm ki, Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşü və təqdir olunası həmin tədbir zamanı dövlətçiliyə zərbə vurmağa, milli birliyi pozmağa, qarşıdurma yaradacaq situasiyalara yol açmağa xidmət edəcək o cəhdlərə Yeni Azərbaycan Partiyasının yaydığı bəyanatda çox düzgün, dəqiq və sərrast qiymət verilib. Bəyanatın ruhu və hadisələrə verilən qiyməti isə partiyamızın yüz minlərlə üzvü kimi, mən də bəyənir və müdafiə edirəm.
Fərəhləndirici haldır ki, bu çətin, mürəkkəb bir zamanda, Vətənimizin ağır günlərində respublikamızda fəaliyyət göstərən müxtəlif siyasi partiyalar və təşkilatlar da yüksək siyasi mədəniyyət nümayiş etdirərək, bu prosesdən geri qalmamış, müstəqillik tariximizdə ilk dəfə olaraq siyasi proqram və platformalardan asılı olmayaraq, siyasi baxışlarını bir yana qoyaraq, milli həmrəylik göstərərək Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycanda fəaliyyət göstərən 43 siyasi partiyanın cəbhədəki son təxribatlar ilə əlaqədar yaydığı milli həmrəylik bəyanatı Azərbaycan xalqının birliyinin, Vətən, ümummilli, ümumxalq dövlətçilik maraqlarının siyasi, partiya, şəxsi maraqlarından üstün olmasının əyani nümayişidir. Məhz bu prinsiplər əsl demokratik, sivil cəmiyyətlərə xas olan prinsiplərdir - xalqın, dövlətin, Vətənin maraqları hər şeydən üstün olmalıdır.
Mən bir daha bilərəkdən və ya bilməyərəkdən bu təxribata alət olanlara üzümü tutub demək istəyirəm: Ay gənclər! Vətən təhlükədə olanda iqtidar, müxalifət bölgüsü ola bilməz. Hamımız bir millət, bir xalqın nümayəndələriyik, bu məqamda yumruq kimi bir olmalı, milli birlik, həmrəylik nümayiş etdirməli, bir nöqtəyə vurmağı bacarmalıyıq. Vətənə, xalqa, orduya müxalif olmaq olmaz. Hər birimiz Ali Baş Komandanımızın, Ordumuzun yanında olmalıyıq. Əli silah tutanlar ön cəbhədə, digərləri arxa cəbhədə mümkün olan bütün sahələrdə, xüsusilə informasiya müharibəsində, beynəlxalq tribunalarda erməni yalanlarını, təxribatlarını, döyüş zamanı mülki obyektləri, dinc sakinləri hədəf alan düşmənin terrorçu xislətini ifşa etməli və hər birimiz öz işimizin müsəlləh əsgəri kimi əzəli düşmənlərimizlə mübarizə aparıb onlara sarsıdıcı zərbələr endirməliyik. Bizim vahid bir amalımız var - düşmən tapdağı altındakı torpaqlarımızı geri qaytarmaq, Dağlıq Qarabağı, Azərbaycanın qəlbi olan doğma Qarabağımızı azad etmək, millətimizin şərəfini ucaldaraq işğal ləkəsini xalqımızın üstündən silmək. Bu hər birimizin müqəddəs vətəndaşlıq və vicdan borcudur. Vətən uğrunda döyüşüb bu yolda şəhid olmaqdan uca və şərəfli ölüm varmı? Biz Ali Baş Komandanımıza inanırıq, bilirik ki, yaxın zamanlarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və işğaldan azad olunmuş bütün torpaqlarımız üzərində üçrəngli bayrağımız qururla dalğalanacaqdır. "Qarabağ mütləq azad ediləcək. Onu azad edən komandan nə gözəl komandandır; o ordu nə gözəl ordudur!” (Məhəmməd Peyğəmbərin (s.ə.v.) Hədisi-şərifində İstanbul haqqında buyurduqlarına iqtibasən). Bu Böyük Qələbə günü, bu şanlı zəfərlər uzaqda deyil. Bir kərə yüksələn bayrağımız bir daha enməyəcəkdir.
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin hamı üçün ibrət olan nitqindəki bir məqama diqqət çəkməyi lazım bilirəm: "Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda, əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək, bunu təmin etməkdir”. Təbii ki, bu müdrik sözlər, gələcək qarşısında məsuliyyət hiss edən bir Liderin düşüncələridir və hesab edirəm ki, bütövlükdə, cəmiyyətimiz, xüsusən gənclərimiz ölkə rəhbərimizin gələcəyə hədəflənən bu fikirlərinin arxasında nələrin dayandığına diqqət çəkməlidirlər. Onu da qeyd edək ki, dövlət başçısı, partiyamızın Sədri iyulun 14-dən 15-nə keçən gecəki yürüşün mahiyyətini dəyişmək, ona kölgə salmaq istəyən qüvvələrə, onların 28 il əvvəlki situasiyaların yaranmasında göstərdikləri "xidmətləri” bir daha qeyd etməklə, yenə də düşmən dəyirmanına su tökdüklərini xatırlatdı. Mən istərdim ki, möhtərəm Prezidentimizin bu sözlərini bir daha Azərbaycan ictimaiyyətinə çatdırım: "Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, ovaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər”.
İndi həmin hava ilə yaşayanlar hər məqamda ölkəmizdəki ictimai-siyasi stabilliyi və əmin-amanlığı pozmağa, aparılan əsaslı islahatlara, sürətli inkişafa, Azərbaycan xalqının rifahının yüksəlməsinə, itirilmiş torpaqların qaytarılmasına istiqamətlənən dövlət siyasətinin ardıcıl uğurlarına kölgə salmağa çalışırlar. Onlar təbii ki, "bulanıq su axtarışındadırlar”, lakin axtardıqlarını Azərbaycanda tapa bilməyəcəklər. Elə buna görə də Azərbaycan üçün pis olan hər şey onlar üçün fürsət kimi görünür. Bunun üçün də yığışdıqları hər məclisdə neftin bazar qiymətlərinin 14 dollara düşməsini "ən gözəl xəbər” kimi qarşılayırdılar. Belə bir mənəviyyatla yaşayan insanlara hansı adın verilməli olduğunu isə xalqımız yaxşı bilir. Xalqımız onu da yaxşı bilir ki, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün yenə cəmiyyətdə bölücülük fəaliyyəti ilə məşğul olmağa cəhd edən dağıdıcı radikalların hakimiyyətdə olduğu dövrdə - Azərbaycanın 1992-1993-cü ilin birinci yarısında necə acınacaqlı vəziyyətdə olduğu orta və yaşlı nəslin yaxşı yadındadır. Tamamilə dağılmaq, məhv olmaq, parçalanmaq ərəfəsində olan Azərbaycanda 1993-cü ilin iyununda xalqın təkidli tələbi və dəstəyi ilə rəhbərliyə gələn Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün 10 il ərzində mümkün olan hər şeyi etdi, ölkənin istisnasız olaraq ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində gələcək dinamik inkişaf üçün real baza formalaşdırdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz malik olduğu resurslardan, geosiyasi və geoiqtisadi üstünlüklərdən bacarıqla istifadə edərək, dünya iqtisadiyyatına və dünya birliyinə milli maraqların prioritetliyi əsasında ən rasional şəkildə inteqrasiya olundu, hüquqi dövlət quruculuğuna və vətəndaş cəmiyyətinin formalaşmasına nail oldu, sosialyönümlü bazar iqtisadiyyatı modelinə keçidi tam başa çatdırdı. Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edildi, ictimai-siyasi sabitlik bərqərar olundu, iqtisadiyyatın dinamik inkişafına nail olundu. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradıldı və onun beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəldi. Son illərdə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, sözün tam mənasında əbədi və dönməz xarakter almışdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən tam müstəqil bir dövlətdir və heç kimdən asılı olmayaraq öz milli maraqlarına uyğun siyasət həyata keçirmək iqtidarındadır. Azərbaycan öz dövlətçilik tarixində heç vaxt indiki qədər müstəqil olmamışdır. Bu gün Azərbaycan 3 qitəni və 3 dənizi birləşdirən nəhəng transmilli enerji və nəqliyyat layihələrini reallaşdırmış, regionda və beynəlxalq təşkilatlarda söz sahibi olan ölkədir. Son bir neçə ayda baş verən hadisələr bu dediklərimizin əyani sübutudur. Cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri statusunda pandemiya ilə mübarizədə qlobal həmrəyliyə çağırış etməsi və bu çağırışın dünyanın 130-dan çox dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsi nəticəsində BMT-nin Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırılması Azərbaycan Prezidentinə, ölkəmizə dünya dövlətlərinin regional və beynəlxalq arenadakı rəğbəti, etimadı sayəsində mümkün oldu. Azərbaycan altı aydan çoxdur ki, bütün dünyanı öz məngənəsinə alan, dünya iqtisadiyyatını sarsıdan, istisnasız olaraq bütün dünya ölkələri üçün qlobal sınağa çevrilən yeni koronavirus (COVID-19) pandemiyası dövründə də qlobal çağırışlara cavab verən ölkə olduğunu birmənalı olaraq sübut etdi. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz qlobal pandemiya ilə mübarizə üçün beynəlxalq həmrəylik və səfərbərlik çağırışını dünyada ilk səsləndirən və bu istiqamətdə ilk real addımlar atan dövlət başçısıdır. Fərəhləndirici haldır ki, ölkə başçımızın pandemiya ilə mübarizədə cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı bu gün dünya ictimaiyyətinin şüarına çevrilir və ümumbəşəri xarakter alır.
Artıq heç kimdə şübhə doğurmayan faktdır ki, qlobal pandemiya dünya iqtisadiyyatı üçün ciddi böhran və yeni çağırışlar yaratdı. Dünya iqtisadiyyatının və ayrı-ayrı regionların, milli iqtisadiyyatların itkiləri, özünübərpa üçün tələb olunan müddət, müxtəlif sektorlardakı kiçilmə hazırda əsas müzakirə mövzularıdır. Bir çox ölkələr ağır iqtisadi itkilər və təxirə salınan sosial proqramlarla üzləşdilər. Azərbaycan isə ölkə rəhbərinin apardığı düşünülmüş, kreativ, uzaqgörən siyasət nəticəsində pandemiyadan ən az əziyyət çəkən və iqtisadi cəhətdən ayaqda qalan azsaylı ölkələrdəndir. Bu ilin 6 ayının iqtisadi göstəricilərinə nəzər yetirsək, dediklərimiz öz təsdiqini tapar. Belə ki, pandemiyanın təbii nəticələri olaraq Azərbaycanda ÜDM 2,7% aşağı düşsə də, kənd təsərrüfatı 2,2%, qeyri-neft sənayesi istehsalı 11%-dən çox artmışdır. Əlbəttə ki, əgər koronavirusun fəsadları olmasaydı, bu artım daha da yüksək olacaqdı. Pandemiyadan ən çox zərər görən sahələr təbii olaraq turizm (48% tənəzzül) və tikinti sektorlarıdır (14,5% tənəzzül). Bunlarla yanaşı, sevindirici haldır ki, bu yarımildə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Pandemiya dövründə bütün iqtisadi çətinliklərə, xüsusilə neftin dünya bazarındakı qiymətinin bir neçə dəfə aşağı enməsinə baxmayaraq, ölkəmizdə heç bir sosial proqram ixtisar olunmadı, sərt karantin rejimində əhaliyə və biznes sektoruna lazımi səviyyədə iqtisadi dəstək göstərildi. Cənab Prezidentin bu müşavirədə vurğuladığı kimi, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Bütün bunlar Azərbaycanda sosial dövlət quruculuğunun və Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşın rifahının, sağlamlığının və təhlükəsizliyinin olduğunun təzahürüdür. Pandemiya dövründə biz dövlətin iqtisadiyyatın fors-major şəraitində idarəçiliyinin yeni modelinin şahidi olduq. Bu dövrdə üç əsas hədəf icra olundu: 1) ölkədəki makroiqtisadi sabitlik qorundu; 2) əhalinin işyerləri və məşğulluğu qorundu; 3) şəffaflığın artırılması və əlavə gəlir mənbələrinin tapılması nəticəsində büdcə gəlirləri iqtisadiyyatın dayanıqlığının təminatçısı oldu. Bu amillər postpandemiya dövründə də iqtisadiyyatın özünübərpasının əsasını təşkil edəcək və daxili tələblə investisiyaların stimullaşdırılması üçün iqtisadiyyata müsbət impulslar verəcəkdir. Büdcənin fiskal yükünün artmasına baxmayaraq, ölkəmizin strateji valyuta ehtiyatları bu fors-major dövrdə azalmadı və Azərbaycan dünyanın 120 ölkəsindən fərqli olaraq iqtisadi yardım, kredit üçün heç bir beynəlxalq təşkilata müracət etmədi, əksinə, özü 30-dan çox ölkəyə pandemiya dövründə yardım göstərdi. Qeyd olunanlar bir daha deməyə əsas verir ki, Azərbaycan 27 il ərzində özünü tam təmin edən, müstəqil siyasət yürüdən və iqtisadi dayanıqlığı ilə seçilən uğurlu sosial dövlət modeli yaratmağa nail olub. Bütün bu rəqəmlər, kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də neftin dünya bazarındakı qiymətinin artıq 45 ABŞ dollarından yüksək olması deməyə əsas verir ki, Azərbaycan 2020-ci ildə də bütün sosial və investisiya proqramlarını uğurla icra edəcək və növbəti ildən etibarən iqtisadiyyat sürətli və dinamik şəkildə özünübərpa fazasına keçəcəkdir.
Bu gün, sözün əsl mənasında, siyasi, iqtisadi cəhətdən müstəqil olan və bu siyasəti ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan, beynəlxalq təşkilatlarda fikrinə, təşəbbüslərinə hörmətlə yanaşılan, beynəlxalq münasibətlərdə özünü etibarlı tərəfdaş kimi doğruldan, Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilən Azərbaycan, həm də hərbi gücü ilə seçilir. Azərbaycan Ordusu bu gün ən müasir hərbi silahlarla təchiz olunmuş dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz yüksək hərbi-texniki təminatı ilə yanaşı, Azərbaycan əsgərinin döyüş qabiliyyətinin, qələbə ruhunun və milli vətənpərvərliyinin yüksək səviyyədə olması ilə də fərqlənir. Son günlərdə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha göstərdi ki, şəhidlərimizin qisası alındı, bu torpağı Vətən edən şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaqdır. Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaqdır. Azərbaycan Ordusu sərhədlərinin toxunulmazlığını qorudu və bundan sonra da qoruyacaqdır. Xain düşmənlə hər döyüşdə inamlı qələbəmiz düşmən tapdağı altındakı torpaqlarımızı azad etmək üçün güclü və qüdrətli orduya malik olduğumuzu göstərməklə, Böyük Qələbəyə xalqımızın əminliyini və inamını daha da yüksəldir.
Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımıza müraciətində bunun nə dərəcədə qorxulu tendensiyalar yaradacağı fikrini xüsusi qeyd etməyi vacib hesab edirəm: "Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd - çaxnaşma, nifaq salmaq və daxili "cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhvali-ruhiyyəsini artırmaqdır. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalı olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə güclü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.
Bu məqamda döyüşlər boyunca işğalçı Ermənistanın internet resurslarında, sosial şəbəkələrdə dezinformasiyalarına, təxribat mahiyyəti daşıyan əsassız xəbərlərinə bir daha diqqət çəkmək istərdim. Cəbhədən yalan-yanlış xəbərlər verməklə, öz itkilərini gizlətmək, Azərbaycan haqqında həqiqətə uyğun olmayan xəbərlər yaymaqla işğalçı, əslində, tək döyüş meydanında yox, bir neçə cəbhədən Azərbaycanı hədəfə alır. Beynəlxalq internet resurslarında, sosial şəbəkələrdə Azərbaycan gənclərini çaşdırmaq məqsədi güdən çoxsaylı təxribatlara şahid oluruq. Bu günlərdə gənclərimiz informasiya müharibəsinin əhəmiyyətini və məsuliyyətini bir daha dərk etdilər. Müharibə şəratində olan ölkəmizin hərbi qulluqçuları dövlət sərhədlərimizin toxunulmazlığını və Azərbaycan vətəndaşlarının təhlükəsizliyini düşmənlə üz-üzə ön cəbhədə layiqincə təmin edir və düşmənin xain təxribatlarına qətiyyətli cavablar verirlər. Hər bir Azərbaycan gənci də bu gün gedib səngərdə əlində silah Vətənin müdafiəsi və Azərbaycanın haqq səsi naminə vuruşmağa hazırdır, lakin düşmən yalnız cəbhədə deyil, düşmən beynəlxalq internet resurslarında, sosial şəbəkələrdə də pusqudadır. Bu səbəblə hər bir Azərbaycan gənci bu gün sosial şəbəkələrdə, internetdə düzgün davranış qaydalarını bir daha nəzərdən keçirməli və mümkün olan hər yerdə, istənilən tribunada layiqli şəkildə Azərbaycanın haqq səsini ucaltmağı bacarmalıdır.
2016-cı il Aprel qələbəsi, 2018-ci il Günnüt zəfəri və 2020-ci il İyul döyüşlərində düşmənə layiqli cavab və sarsıdıcı zərbələr, bir neçə gün ərzində Azərbaycanda mütləq əksəriyyətini gənclərin təşkil etdiyi 55 minə yaxın vətəndaşın könüllü cəbhəyə getmək üçün müraciətinin qeydə alınması, ABŞ Konqresinin Qeydiyyat Komitəsində Ermənistanın Azərbaycan ərazisini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul etməsi, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, hər keçən gün bizi Böyük Qələbəmizə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yaxınlaşdırır. O gün uzaqda deyil. İndi isə Ali Baş Komandanımızın, Prezidentimizin ətrafında daha sıx birləşmək və millət olaraq bir yumruq kimi olmaq vaxtıdır.
Şəmsəddin HACIYEV,
YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor