Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fındıq istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirilib



Newscenter.az.28.07.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası (AFİİA) ilə birgə fındıq istehsalçıları ilə onlayn görüş keçirib. Newscenter.az-a AQTA-dan bildirilib ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları da iştirak ediblər.

Görüş zamanı fındıq istehsalı və ixracı, istehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər, istehsal və saxlanma sahələrində zərərli orqanizmlərlə sirayətlənmə halları, onlara qarşı aparılan mübarizə tədbirləri, aflatoksinin yaranma səbəbləri müzakirə olunub. Ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, 2016-cı ildən başlayaraq Zaqatala, Qax, Qəbələ, Balakən, Oğuz, Şəki, Xaçmaz, İsmayıllı, Qusar, Quba və Şabran rayonlarında intensiv olaraq yeni bağların salınmasına başlanılıb. Fındıq bağlarının sahəsi 2015-ci il ilə müqayisədə 2019-cu ildə 2.4 dəfə artaraq 32.7 min hektardan 79.5 min hektara çatdırılıb. Fındıq daxili istehlakla yanaşı, əsasən Rusiya, İtaliya, Almaniya, Ukrayna və digər ölkələrə ixrac edilir. Son illər kənd təsərrüfatı məhsulları üzrə ixracdan valyuta daxilolmalarının miqdarına görə fındıq pomidordan sonra ikinci yerdədir. Belə ki, fındıq ixracı dəyər ifadəsində dinamik olaraq artaraq 2016-cı ildə 105 milyon dollar, 2019-cu ildə isə 125.6 milyon dollar təşkil edib. Növbəti illərdə yeni salınmış bağlar hesabına bu rəqəmin daha da artacağı gözlənilir.

Sonra fındıqda aflatoksinin yaranma səbəbləri barədə məlumat verilib, məhsulun vaxtında yığımı, daşınması, qurudulması və saxlanılması zamanı bəzi sahibkarların lazımi qaydalara əməl etmədikləri qeyd olunub. Sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə Agentliyin hazırladığı maarifləndirici bukletlər (“Aflatoksinsiz fındıq”) regional bölmələr tərəfindən paylanılıb.

Görüşün sonunda fındığın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul tam yetişdikdən sonra yığılması, sahələrdən dərhal kisələrə yığılaraq qurutma yerlərinə daşınması, bu zaman polietilen kisələrdən istifadə edilməməsi, məhsulun çeşidlənərək sağlam məhsulun ayrılması, qurudulmuş və çeşidlənmiş məhsulun rütubət, temperatur və havalandırma rejimi tənzimlənən saxlanc yerlərində saxlanılması, bu işlərdə mexanikləşdirmə texnologiyalarından istifadənin genişləndirilməsi qaydalarına əməl olunması tövsiyə edilib.

Orxan
Xəbəri paylaş