Newscenter.az.28.07.2020. “Qlobal Sağlamlıq hamı üçün” sloqanı ilə çıxdığımız yolda qlobal olaraq, insana yanaşma faktoru fəaliyyətimizin ana xəttini təşkil edir. Eyni zamanda sülh, humanizm, tolerantlıq prinsipləri təmsil olunduğumuz təşkilatın əsas təməl prinsiplərini təşkil edir”.
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Qlobal Sağlamlıq Turizm Şurasının (GHTC) fəxri prezidenti Ruslan Quliyevin son erməni təxribatı ilə bağlı sözügedən şuranın prezidenti və İdarə Heyətinə ünvanladığı müraciətdə əksini tapıb. Ruslan Quliyev müraciətdə qeyd edib ki, vətəndaşı olduğu Azərbaycan bu prinsiplərin dünyada bərqərar olması istiqamətində 30 ilə yaxındır öz əməli və əqli potensialını ortaya qoyub və bu istiqamətdə dünya inkişaf tarixinə daima töhfəsini vermək əzmində olub:
“Cənubi Qafqazda heç bir qlobal siyasi, iqtisadi, mədəni, humanitar, sosial və digər layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Bütün bu işlər insanların sülh və əmin-amanlıq, rifah və sağlam həyat tərzi içərisində yaşaması üçün böyük bir təminat və qlobal dünyanın ən böyük reallığıdır. Yalnız Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü təcavüzkar və antibəşəri siyasət bütövlükdə regionu və insanlığı təhdid altında saxlamaqdadır. Bunun nəticəsində Azərbaycan torpaqlarının 20 %-dən çoxu işğal altındadır və nəticədə 10 minlərlə insan genosid siyasətinin qurbanı olub, 1 milyondan artıq insan öz yaşadıqları yur- yuvalarından məhrum olublar”.
Ruslan Quliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ATƏT PA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və tələblərinə baxmayaraq Azərbaycan tərəfi ilə konstruktiv sülh danışıqlarını aparmaq istəmədiyini nümayiş etdirərək “Qondarma Dağlıq Qarabağ problemi” fonunda Azərbaycanla qarşıdurmanın coğrafiyasını yenə də genişləndirməyə çalışır:
“Məlum olduğu kimi, 2020-ci il iyul ayının əvvəllərindən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz bölgəsinə (Qarabağa aid deyil ) - Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində təxribat xarakterli hücum həyata keçirdi. Ermənistanın davamlı olaraq həm hərbi, həm də mülki obyektlərə atəş açması nəticəsində 12 hərbi qulluqçu və 1 mülki şəxs həlak olub. Dünya insanlarının COVİD 19 pandemiyasına qarşı birgə səylər göstərərək, mübarizə apardığı bir dövrdə Ermənistan tərəfindən bu hadisələrin törədilməsi bir daha onu göstərir ki, onlar antibəşəri bir mövqedə duraraq, sülhü, humanizmi ayaqlar altına alaraq, öz məkrli simalarını ortaya qoymuşlar. Bu azmış kimi, Amerika, Avropa, MDB-də ictimai fikri yanlış istiqamətə yönəltməklə dağıdıcı təxribatlara əl atırlar. Məlumat üçün onu da bildirmək istərdik ki, Azərbaycan diaspora təşkilatları tərəfindən ABŞ-ın, Avropanın, MDB-nin bir sıra şəhərlərində Tovuz rayonunda baş vermiş hadisələrlə bağlı keçirilən dinc etiraz aksiyalarında iştirakçılar erməni təxribatçılarının provokasiyasına uğramış və onlardan bəziləri vəhşicəsinə döyülmüşdür. Sonrakı günlərdə bu hadisələr – təqib və işgəncələr müxtəlif yerlərdə davam etdirilmişdir. Bununla əlaqədar Azərbaycan hökuməti, dövlət və ictimai sektor nümayəndələri həmin dövlətlərin müvafiq qurumlarına və ictimaiyyətə saysız-hesabsız müraciətlər ünvanlayıblar.
Dəyərli dostlar, əlbəttə ki, GHTC siyası bir platforma deyil, yalnız bir faktı qeyd etməyi özümə borc bilirəm. GHTF 2019 Bakı Forumunda qəbul etdiyimiz deklarasiya özündə “Sağlam həyat tərzi” ideya və fikirlərini ehtiva edir. Sağlam həyat tərzi həmçinin birgəyaşayış, sülhməramlılıq, humanizm, tolerantlıq deməkdir. Sizə müraciətimin əsas məqsədi eyni zamanda obyektiv, ədalətli, qərəzsiz olaraq, bərabər əsaslarda bu məsələlərə həssaslıq nümayiş etdirməyinizi və vətəndaşı olduğunuz ölkələrdə ictimai rəy və fikirlərin formalaşmasında azacıq da olsa öz töhfənizi verməyinizi xahiş etməkdir”
Sevinc