Newscenter.az.30.07.2020. Vətəndaşlar qurbanlıq heyvan cəmdəyini (ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və KTN-in onlayn satış platforması üzərindən əldə edə bilərlər
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Agentlik xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir.
"İnsanlar arasında humanizm və mərhəmət rəmzi olan bu müqəddəs bayram günlərində hər bir Azərbaycan ailəsinə cansağlığı və xoşbəxtlik, süfrələrinizə isə bol ruzi-bərəkət arzulayırıq. Müqəddəs bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlam mühitdə yerinə yetirmələri əhalinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən Qurban bayramında insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl olunması hər birimizin müsəlmanlıq və vətəndaşlıq borcudur".
Qeyd edilir ki, bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Ona görə də vətəndaşların qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etmələri nəzərdə tutulub. Odur ki, vətəndaşlar həmin satış məntəqələrindən baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvan ətlərini, cəmdəklərini əldə edə bilərlər.
"Pandemiya şəraitində insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələri, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etmək məqsədilə küçə və yol kənarlarında, parklarda və digər ictimai yerlərdə, xüsusi risk yaradan sanitariya və gigiyena tələblərinə uyğun olmayan ərazilərdə heyvan kəsiminin həyata keçirilməsi məqsədə uygun deyildir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi baytarlıq nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirlərini ardıcıl olaraq davam etdirəcək, bayramın sağlam və təhlükəsiz şəraitdə qeyd olunmasını təmin etmək üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Bir daha Qurban bayramı münasibəti ilə hər kəsi təbrik edir, kəsilən qurbanların və duaların qəbul olunmasını arzu edirik".
Orxan