Newscenter.az.19.08.2020. ADA Universitetinin tələbələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-də təcrübə proqramında iştirak edə biləcəklər.
Newscenter.az-a nazirlikdən verilən xəbərə görə, əməkdaşlığın əsas məqsədi universitet tələbələrinə peşəkar iş təcrübəsi qazandırmaq, Azərbaycanda informasiya texnologiyaları sahəsinə marağı yüksəltmək və tələbələri bu sahədə işlə təmin etməkdir.
Təcrübə proqramı sayəsində tələbələr müxtəlif şöbələrdə iş prosesi ilə yaxından tanış olmaq, karyeralarını ölkəmizin ən qabaqcıl İT və telekommunikasiya şirkətlərindən birində uğurla başlamaq imkanı əldə edəcəklər.
Hazırda müsahibələr keçirilir və artıq bəzi departamentlərə təcrübəçilər seçilib. Tələbələr şirkətin Kommersiya departamentində rəqəmsal marketinq, Sertifikatlaşdırma departamentində sertifikatların hazırlanması, Beynəlxalq trafikin idarə edilməsi departamentində isə trafik analizi sahəsində özlərini sınaya biləcəklər.
Təcrübə proqramını ADA Universitetində tədris prosesinin başlanacağı zamanadək yekunlaşdırmaq planlaşdırılır. Tələbələr də şirkətin əməkdaşları kimi növbəli iş rejimində işləyəcəklər. Belə ki, həftənin müəyyən günlərini evdən, digər günləri isə iş yerində çalışacaqlar. Proqramı fərqlənmə ilə bitirən tələbələr gələcəkdə “AzInTelecom”dan iş təklifi almaq imkanı qazanacaqlar.
Qeyd edək ki, “AzInTelecom” ADA Universiteti ilə əməkdaşlığa 2017-ci ildən başlayıb. Ötən müddətdə şirkət ali məktəbin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək məqsədilə Təqaüd Fondunun sponsoru qismində çıxış edib. Lütfi Zadə adına təqaüdə layiq görülən tələbələr bir semestr üzrə təhsil haqqından tamamilə azad olunurlar.
Sevinc