Newscenter.az.19.08.2020. Avqustun 19-da Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) və “BBC World News”un birgə təşkilatçılığı ilə turizm destinasiyalarının pandemiya dövründə fəaliyyətinə həsr olunmuş silsilə görüşlər çərçivəsində ilk görüş Azərbaycana həsr olunub.
Newscenter.az-a Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, “Destinasiyalara baxış: Azərbaycan” mövzusunda keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid BBC-nin “The Travel Show” verilişinin aparıcısı Rajan Datarın suallarını cavablandırıb.
Florian Zenqstşmid son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından turizmin xüsusi önəm kəsb etməsi, bu sahəyə investisiya qoyuluşunun artması, Azərbaycanın turizm destinasiyası kimi formalaşması, turizm sənayesinin inkişafında dövlətin rolu, hədəf bazarlarda görülmüş işlər barəsində məlumat verib.
Hazırkı dövrdə sağlamlıq və təhlükəsizliyin əsas amil olduğunu vurğulayan F.Zenqstşmid pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında danışıb.
O, müsahibə çərçivəsində Azərbaycanda mövcud multikultural dəyərləri, etnik və dini müxtəlifliyi, tarixi-mədəni irsi ilə yanaşı, müasir və geniş infrastrukturun olmasını vurğulayaraq Azərbaycanın Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları, UEFA-nın Avropa Liqasının final oyunu kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malik olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam, “Pasha Travel” şirkətinin baş əməliyyat direktoru Çingiz Mürsəlov və AZAL-ın aviasərnişin daşımaları üzrə direktoru Cəmil Manizadə panel müzakirədə iştirak ediblər. Müzakirələrdə Azərbaycan Turizm Bürosunun marketinq kampaniyası və pandemiyanın sözügedən kampaniyaya təsiri, ATB tərəfindən təşkil olunmuş vebinarlar, Azərbaycanın turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün onlayn platforma vasitəsilə keçirilən təlimlər, pandemiyanın hotelçilik sənayesinə təsiri və hotellərdə tətbiq olunan qaydalar, eyni zamanda mövcud reyslər və hava nəqliyyatı sektorunun gələcəyi müzakirə olunub.
Tədbirin sonunda panelistlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2019-cu ilin dekabr ayından etibarən Asiya-Sakit Okean regionu üzrə beynəlxalq turizm platforması rolunu oynayan və 800-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) təşkilatının üzvüdür.
Sevinc