Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəhruz Məhərrəmov: "Hər bir seçicinin müraciətinin gözümüz üstündə yeri var"



Newscenter.az.19.08.2020. 2020-ci il, fevral ayının 9-da keçirilən parlament seçkiləri özünün bir sıra müsbət tərəfləri ilə yadda qaldı. Ən diqqət çəkən məqam ondan ibarət oldu ki, qanunverici orqan kifayət qədər yeniləndi və gəncləşdi. Yeni simaların parlamentdə təmsil olunması qanunverici orqanın fəaliyyətinin səmərəliliyini artırmış oldu. Onu da qeyd etmək yerinə düşər ki, Milli Məclisdə təmsil olunan əksər gənc və yeni deputatlar kifayət qədər çevik və seçiciləri ilə yaxından işləmək, onların qayğılarına qalmaq, həmçinin müəyyən qanunvericilik təşəbbüsləri ilə diqqət çəkirlər. Belə deputatlardan biri də Bəhruz Məhərrəmovdur. Newscenter.az deputat Bəhruz Məhərrəmovun qanunverici orqandakı fəaliyyəti, seçiciləri ilə apardığı iş, eləcə də günümüzdə aktual olan məsələlərlə bağlı “OLAYLAR”-a verdiyi müsahibəni təqdim edir:


-Bəhruz müəllim, öncəliklə sualım ondan ibarətdir ki, deputat seçildiyiniz seçki dairəsinin seçicilərinin əsas problemləri nədən ibarətdir və deputat olaraq həmin problemlərin həll istiqamətində hansı addımlar atırsınız?

-Deputat seçildiyim 66 saylı Biləsuvar seçki dairəsində insanların ən ciddi problem suvarma suyu və içməli su təminatı ilə bağlıdır. Bunun da təbii və menecmentdən qaynaqlanan səbəbləri var. Təbii meyarlar qlobal istiləşmə ilə əlaqədar çaylarda suyun azalması və quraqlıqla bağlıdır. Biləsuvarın da əsas su təminatı mənbəyi Araz çayı son illərin ən quraq dövrünü yaşayır. Bunlar təbii səbəblərdir və mənzərə aydındır. Mən hesab edirəm ki, təbii səbəblərdən də vacib olan, əsas problem su idarəçiliyi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, bu günə qədər rayonda suvarma suyunun təhcizatı ilə bağlı gələcəyə hesablanmış ciddi bir addım demək olar ki, atılmayıb. Sovet dövründə salınmış Bolqarçay su anbarı baxımsız və lillə dolmuş vəziyyətdədir, əgər indiyə qədər təmizlənib yenilənsəydi, bu gün rayonun su problem ən azı 70 faiz həllini tapmış olardı. Bundan başqa əkinlərin planlaşdırılmasında problemlər hökm sürür. Əkinə yararlı oldu-olmadı, suvarma prespektivi nəzərə alınmadan sahələr əkilir, hətta örüş sahələri suvarma mənbəyi formalaşdırılmadan əkinə çevrilir. Həmçinin, suvarma zamanı müasir metodlara və suya qənaət prinsiplərinə ümumiyyətlə məhəl qoyulmur. Su probleminin kökündə məhz bu amillər dayanır. Bundan başqa, kəndlərdə əhali içməli suyunu da suvarma kanallarından götürürsə, suvarma suyu olmaması içməli suyun da yoxluğu deməkdir. O ki qaldı bu sahədə fəaliyyətimizə, səlahiyyətlərimin icrasına başladığım gündən istər Meliorasiya və Su Təsərrüfatı ASC, istərsə də “Azərsu” ilə mütəmadi əlaqədəyik. Bir neçə dəfə bu qurumlar da daxil hökümət üzvlərinə, Baş nazir hörmətli Əli Əsədova və Baş nazirin müavini cənab Şahin Mustafayevə məktubla müraciət edərək problemin vacibliyini diqqətə çatdırmışam. Habelə, parlamentin iclaslarında dəfələrlə bu problemi ictimailəşdirmiş, ali kürsüdən aidiyyatı strukturlara müraciət etmişəm. Yəni, bir sözlə, deputat səlahiyyətlərimin və statusumun imkan verdiyi bütün imkanlardan seçicilər tərəfindən qaldırılan, yaxud özümün rayonda müşahidə etdiyim problemlərin həlli üçün istifadə etməkdəyəm. Bundan başqa, rayonda məşğulluq çox ciddi problem olaraq qalmaqdadır. Habelə, Biləsuvar 100 faiz qazlaşdırılmış rayon olsa da yeni salınmış yaşayış məskənlərində qazlaşma problemləri var. Rayonda hətta bəzi mərkəzi küçələrin yolsuzluq problemi mövcuddur. Problemlər sırasında elektrik təhcizatında müşahidə olunan məsələlər mühim yer tutur, bəzi xətlər və dirəklər tamamilə köhnəlib, elektrik gərginliyinin azlığı ilə bağlı problemlər insanların gündəlik məişətində çətinliklər yaratmaqdadır. Habelə rabitə sistemi ilə bağlı məsələlər var ki, həllini gözləyir. Çox ciddi məsələlərdən biri 10-dan artıq məktəbimizin tamamilə yararsız durumda olmasıdır. Kəndlərdə bağçalar, tibb məntəqələri ilə bağlı durum bərbaddır. Mədəniyyət obyektləri, xüsusən kənd klubları, kitabxanalar barədə düşündükcə insanın ürəyi ağrıyır. Hətta rayonun Mərkəzi Mədəniyyət Evi illərdir təmirsizidir. Bütün bunlar ciddi problemlərdir, deputatın bu məsələləri həll etməyə nə büdcəsi, nə səlahiyyəti var. Lakin, deputat seçicisinin səsidir, onun ali statusu var ki, insanını narahat edən məsələləri dilə gətirsin, ehtiyac olan aidiyyatı qurumları oyatsın. Mən də bir hüquşunas alim, seçkilərədək insan hüquqları ilə peşəkarcasına məşğul olmuş vəkil kimi seçildiyim gündən statusumun fərqindəyəm. Deputatlıq fəaliyyətimdə mənim üçün yol xəritəsi cənab Prezidentin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışıdır. Cənab Prezidentin tövsiyyələrinə əməl edərək, Biləsuvar insanının iradəsinə güvənərək, qanunun aliliyini rəhbər tutaraq tam mənada deyirəm ki, mənə seçicimin səsi olmağa, insanımın problemlərini dilə gətirməyə kimsə mane ola bilməz. Bir sözlə bir az öncə də qeyd etdiyim kimi səlahiyyət və statusumun qanun çərçivəsində yol verdiyi bütün imkanlardan seçicim naminə istifadə etməkdəyəm.



-Seçicilərinizin çoxsaylı müraciətləri sırasında deputat səlahiyyətinə aid olan şikayətlər çoxluq təşkil edir, yoxsa daha çox millət vəkilinin səlahiyyəti xaricində olan müraciətlər?

-Mən ümumiyyətlə dəqiqliyi sevən adamam. Ona görə bu sualınıza öncə rəqəmlərlə cavab verim. Son 3 ayda bizə 3200-ə yaxın müraciət daxil olub. Bu müraciətlərdən 1068-i tam əsassız olub. 1400-ə yaxın müraciət tərəfimizdən müsbət həll edilib, yaxud aidiyyatı orqanlarla bu istiqamətdə razılığa gələ bilmişik. 700-ə yaxın müraciətdə isə seçici tam haqlıdır, lakin yazacağı, üz tutacağı ünvan biz deyilik, məsələn, məhkəmə qaydasında baxılmalı olan ailə məsələləri, mülkü mübahisələr, yaxud prosedurları qanunla tənzimlənən digər məsələlər. Hansı ki, bu kimi məsələlərlə bağlı deputat hətta çalışsa belə nəsə edə bilməz. Bundan başqa ən çox çarəsiz qaldığımız vətəndaşların işlə bağlı müraciətləridir. Tutaq ki, rayonda hansısa idarə və müəssisədən xahiş etdik və 2-3 nəfəri ayrı-ayrı idarələr işə götürdü, bəs sonra? Yəni vətəndaş hələ də qəbullanmaq istəmir ki, deputat məşğulluq məsələlərinin birbaşa həllində səlahiyyət sahibi deyil. Lakin istənilən halda bizə olunan müraciətləri aidiyyatı üzrə yönləndirib nəzarətə götürməklə nəyəsə nail olmağa çalışırıq, düzü bu məsələdə nəticə də gözlədiyimiz kimi çox da ürəkaçan olmur. Ümumiyyətlə, müraciətlərdəki problemlər daha çox bilgisizliklə və insanların hüquqi cəhətdən istənilən səviyyətə mariflənməməsi ilə bağlıdır. Sizin yaratdığınız platformadan istifadə edərək bir daha vətəndaşlara üzümü tutub bildirmək istəyirəm ki, problemlərin tez həllinə nail olmaq istəyirlərsə inzibati qaydada şikayət imkanlarından daha çox istifadə etsinlər. Əgər inzibati orqanlar cavab vermirsə, yaxud qənaətbəxş, ədalətsiz yanaşma nümayiş etdirirlərsə, narahat olmağa əsas yoxdur, İnzibati məhkəmələrimiz var. Hansı ki, bu məhkəmələr üçün heç rüsum da ödəmək lazım deyil. Qanunu bilmək də vacib deyil, şikayətinizi yazın aidiyyatı inzibati məhkəmələrə göndərin. İnzibati məhkəmələrin yardım etmək vəzifələri var, sizə kömək olunacaq. Əgər haqlısınızsa, haqq olan tərəf sizsinizsə narahat olmağa dəyməz. İnsanlarda məhkəmə mədəniyyəti formalaşarsa, məmur da haqsız iş tutmaqdan, qanunsuzluqdan çəkinəcək. Bax bu kimi rahat yolu qoyub deputata müraciət etmək sadəcə vətəndaşın özünün işini üzadır. Əlbətdə hər bir seçicinin müraciətinin gözümüz üstündə yeri var, lakin biz nəticə əldə etmək istiyiriksə istiqaməti düz tutmalıyıq. Mən insanları da qınamıram, uzun illər yerlərdə süründürməçilik, korrupsiya və qanunsuzluq meylləri hökm sürüb, vətəndaşlarda yerli strukturlara inam azalıb, bəzən itib. Lakin, insanımız bilsin ki, dövr artıq əvvəlki dövr deyil və göründüyü kimi də başlanmış islahatlar artıq ilkin nəticələrini verməkdədir.

- Bu sualım bəlkə də yersiz alınar, ancaq maraqlıdır, Milli Məclisin deputatı olmaq istəyi hardan qaynaqlandı?

-Mən 7 il mediada peşəkar jurnalist işləmişəm, son 11 ildə isə hüquqşunas kimi fəaliyyət göstərirəm. Həmçinin illərdir elm sahəsindəyəm, hüquq üzrə fəlsəfə doktoru, dosentəm, BDU Hüquq fakültəsində müəlliməm. Çox geniş çevrəyə, əhatəyə, əlaqələrə sahibəm. Ölkədə siyasi islahatlar dalğası başlananda, bu islahatlara mane olmaq istəyən qüvvələr olduğunu görməmək mümkün deyildi. Bunu cənab Prezident özü də dilə gətirmişdi. Başlanan bu nəcib yolda savadım, təcrübəm və mənəvi imkanlarımla dövlətimin, cənab Prezidentin yanında olmaq istədim. İnandım və bu gün də əminəm ki, bu dövlət üçün, bu xalq üçün edə biləcəyim nələrsə var. Tam inanclıyam ki, Prezident İlham Əliyevin tarixi islahatlar kursuna qatqım ola bilər. Bu səbəblərdən seçkiyə qatıldım. Bölgə olaraq isə ən mürəkkəb, problemlərin ən çox olduğu rayonlardan biri Biləsuvarı bilərəkdən seçdim. Biləsuvar insanının sadəliyi, yardımsevərliyi, zəhmətkeşliyinə bələd olduqca da məhz onların vəkili olmağın qürurunu yaşamaqdayam.


- Milli Məclisiin gənc deputatlarından hesab edilirsiniz. Gənc olaraq Azərbaycan dövlətinin gənclər siyasətini necə xarakterizə edərdiniz?

-Gənclər siyasəti haqqında qanuna əsasən, gənc dedikdə yaşı 16-dan 35-dək olan şəxslər nəzərdə tutulur. Yəni qanunla artıq gənc sayılmıram. Təvazökarlıqdan uzaq olsa da mən uşaqlıqdan zəhmətə qatlaşmış insanam. Ona görə də uşaqlığımın, gəncliyimin necə keçdiyini heç düşünməyə vaxtım olmayıb. Dəyişən fiziki imkanlar, təcrübə olub, bunun da həmişə fərqinə varıb maksimum istifadə etmişəm. Bu gün mənə gənc deputat deyəndə, gənc olmadığımı dərk edirəm, lakin, eyni zamanda kiməsə nisbətən gənc sayılıramsa bunu avantaj kimi qəbul edirəm, bu mənə əlavə stimul verir. Sualın məğzinə gəlincə, hər hansı dövlət siyasətinin siyasi yaxud bədii ibarələrlə izahı heç vaxt fayda verə bilməz. Konkret misallara üstünlük verilməlidir. Əgər bu misalı biz şəxsi nümunəmizdə göstərə biliriksə daha gözəl və effektli alınır. Mən əgər ucqar bir kənddən, çətin bir durumdan yola başlayıb 19 yaşımda dövlətin rəhbərini səfərlərdə müşayət edə bilmişəmsə, yaxud bu gün parlamentin üzvü ola bilmişəmsə demək ki, ortda danışmalı nəsə var. Dövlətin gənclər siyasəti elə budur. Bu gün Azərbaycanda Gənclər siyasətinin kökündə bərabər imkanlar dayanır. Bu imkanların olmasına inanmayanlara öz nümunəmi misal çəkdim, daha 10-larla şəxsən bələd olduğum nümunə sadalaya bilərəm. Bu baxımdan hesab edirəm ki, sovet təfəkkürünün zərərli ünsirlərini, hər şeyi dövlət etməlidir yanaşmasını tədricən dəf etməklə dövlətin gənclər siyasətinin əsl mahiyyətini daha yaxşı dərk edə biləcəyik. Bu gün ölkədə gənc üçün bütün qapılar açıqdır, bütün imkanlar var, sadəcə bir az hərəkət, bir az səmərəli fəaliyyət lazımdır. Əlbəttə problemlər də var, bu həm təhsil, həm idman, habelə iqtisadi meyarlarla bağlı məsələlərdir ki, 30 ildən az müstəqillik tarixi olan dövlət üçün qəbulediləndir. Əsas odur ki, biz problemlərin olduğunu görürük, qəbul edib həllinə çalışırıq.

- Son günlər yenidən koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu mənfi tendensiya onu deməyə əsas verirmi ki, vətəndaşlarımız karantin qaydalarının yumşaldılmasından sui istifadə edirlər.

-Əslində son 3-4 günü çıxmaqla, son dövrün statistikası ümidvericidir və bu bəlanın payızadək dəf edilməsi imkanından xəbər verir. Göründüyü kimi, yumşalma tədbirləri davam edir. Əlbəttə, bu edilməlidir, iqtisadi sistemin göz görə-görə çökdürülməsinə, mülki dövriyyənin tənəzzülünə, insanların isə müflisləşməsinə yol vermək olmaz. Lakin, vətəndaş yaxın keçmişə, istər qonşu dövlətlər, istərsə də öz təcrübəmizə baxmalı, 500-dən artıq vətəndaşımızın çox faciəvi sürətdə, xətəliyin cəngində həyatını itirdiyini unutmamalı, minimal tələblərə riayət etməlidir ki, yenidən sərtləşmə tədbirlərinə rəvac verilməsin. Əgər artım davam edərsə, statistika iyun-iyul aylarındakı kimi yenidən şişərsə dövlət sərtləşdirilmiş məhdudiyyət tədbirlərinə əl atmağa məcbur ola bilər. Çalışıb bu şəraiti yaratmamalıyıq. Unutmayaq ki, Azərbaycanda karantin tədbirlərinin sərtləşdirilməsində maraqlı olan qüvvələr var, bu statistikanın mənfiyə doğru dəyişməsi, məhdudiyyətlərin artırılmasından doğa biləcək sosial gərginlikdən siyasi çıxar güdənlər, vəziyyətin gərginləşməsini arzu edənlər var. Bu faktdır. Bunları da nəzərə almalıyıq. Ona görə, ehtiyatlı olaq, nə sağlamlığımızı, nə də dövlətin iqtisadi və maliyyə imkanlarını təhlükəyə atmayaq.



- Ümumiyyətlə, Azərbaycan dövlətinin koronavirusa qarşı apardığı mübarizəni necə dəyərləndirirsiniz?

-Azərbaycan hüquqi dövlətdir. Dövlət səviyyəsində atılan addımları dəyərləndirərkən bu çərçivədə qiymətləndirilməlidir. Əvvəlcə təmsil olunduğun qanunverici hakimiyyətdən başlayım. Parlament pandemiya şəraitinə çox çevik reaksiya verərək bir sıra normativ hüquqi aktlar qəbul etməklə mövcud qanunlara əlavə və dəyişikliklər etdi, yeni müddəalar qəbul olundu. Açığı Milli Məclisin bu fəaliyyəti olmadan karantin tədbirləri barədə düşünmək belə mümkün olmazdı, istər daxildə, istər beynəlxalq müstəvidə çətin duruma düşə bilərdik. Məhkəmə hakimiyyətinə gəlincə, məhkəmələr mövcud şəraitə qənaətbəxş formada uyğunlaşdılar, Parlamentə elektron və distant məhkəmə prosedurları və prosessual baza formalaşdırılmaqla ədalət mühakiməsinin nəinki hazırkı mürəkkəb günlərdə, hətta postpandemiya üçün yeni üfiqləri müəyyən olundu. Təbii ki, koronovirusla mübarizədə əsas yük İcra hakimiyyətinin üzərinə düşdü, hökumətin də öz vəzifələrini layiqincə yerinə yetirdiyi qənaətindəyəm. Əlbətdə Operativ Qərərgahın atdığı addımlarda, görülən tədbirlərdə yalnışlıq da mümkündür, səhvlər də var. Bizim indiyədək belə təcrübəmiz olmayıb. Pandemiya gözlənilən, proqnozlaşdırılan bəla, problem deyildi, qəfil yaxalandıq. Boşluqlar, problemlər də bununla bağlı oldu. Lakin bir daha deyirəm, hökumətin pandemiya şəraitində faəliyyətini danmaq insafsızlıq və qərəz olar.

Pandemiya səbəbindən bir çox ölkələrdə sosial layihələr təxirə salınsa da, lakin Cənab prezident koronavirusa qarşı mübarizəyə həsr olunmuş müşavirədə bildirib ki, heç bir sosial layihə dayandırılmayacaq. Bu Cənab Prezident üçün əhalinin sosial rifah halının yaxşılaşdırılmasının prioritet təşkil etdiyini təsdiqləmirmi?

-Azərbaycan dövlətinin ali məqsədi Konstitusiyamızın 12-ci maddəsində qeyd edildiyi kimi insan meyarıdır. Cənab İlham Əliyev də əvvəlki dövrlərdə olduğu kimi, pandemiya şəraitində də siyasi kursunda əsas meyar kimi insan tandemini əsas tutdu. Bu ilk növbədə özünü sosial siyasətdə biruzə verdi, əhaliyə birdəfəlik yardımlardan, pandemiyada əziyyət çəkən biznes sektorlara dəstəyə qədər iqtisadi paketlərin realizə olunması şəklində özünü göstərdi. Bundan başqa baxmayaraq ki, pandemiya iqtisadiyyatmıza 2,7 faizlik geriləməyə səbəb oldu, turizm kimi potensiallı sahə bu il tam gəlirsiz qaldı, neftin qiyməti minimal səviyyəyə düşdü, dövlət sosial xərcləri azaltmadı. Əksinə, sosial iş yerləri artırıldı, məşğulluq və özünüməşğulluq proqramlarına vəsait qoyuluşu çoxaldıldı. Əlbəttə bütün bunlar göstəricidir.


- Eyni zamanda bu müsbət tendensiya onu deməyə əsas verirmi ki, Azərbaycanda iqtisadi və sosial siyasət uğurla həyata keçirilir və düzgün istiqamətdə qurulub?

-Bu gün bütün dünyada narahatlıq, gərginlik mövcuddur. Lakin, bu ümumi ab-havadır, virusun yaratdığı narahatlıq, discomfort, qeyri-ənənəvi yaşam tərzinə keçiddir ki, insanlarda mənəvi narahatlıq və gərginliyə səbəb olur. Bütün bunların fonunda əgər keçirilən sosial sorğular Azərbaycanda xalqın dövlətlə həmrəyliyinə işarə edirsə demək ki, sizin sualınıza çəkinmədən müsbət cavab vermək olar. Tutaq ki, kimsə sosial sorgunun nəticələrinə inanmır, Bəs orduya dəstək mitinqi, yaxud koronovirusla mübarizə fonduna insanların kütləvi dəstəyi necə? Bütün bunlar göstərici deyilmi? Digər mühim nüans isə, Azərbaycanın pandemiya tədbirlərini daxili qüvvəsi hesabına həyata keçirməsidir. Bu gün dünyanın 140-dan çox ölkəsi borc üçün beynəlxlaq maliyyə qurumlarına müraciət edib, əksinə Azərbaycan Respublikası pandemiya dövründə donor dövlət oldu, tərəfimizdən dünyanın 30-a yaxın dövlətinə, habelə Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə böyük həcmdə maliyyə yardımı göstərildi. Bütün bu sadaladıqlarım beynəlxlaq sənədlərdə əksini tapmış göstəricilərdir. Azərbaycan bu il 2019-cu ilə nisbətən irəliləyərək BMT-nin "Dayanıqlı inkişaf indeksi” üzrə hesabatında 54-cü yerdə qərarlaşması sizin sualınızın daha bir cavabıdır.

- Ancaq bir mənfi tendensiya da müşahidə edilir ki, bəzi məmurlar dövlət başçısının etimadını doğrultmur, dövlət vəsaitini mənimsəməklə məşğul olurlar. Bu mənada qeyd edilən mənfi halların araşdırılıb üzə çıxarılması və həmin şəxslərin cəzalandırılmasını necə dəyərləndirirsiniz?

-Azərbaycanda islahatlar dövrünə qədər korrupsionerləri himayə edən, onlarla şərik olan böyük qüvvələr olub. Mövcud korrupsiya iyerarxiyasının dağılmaması üçün onlar hər şeyə hazır olublar, hətta dövləti satmağa da. Bunun üçün onlar xarici hökumətlərlə də əməkdaşlıq ediblər, ayrı-ayrı beynəlxlaq qurumlarla da. Habelə, saxta müxalifət də formalaşdırılıb, həmin qüvvələr vasitəsi ilə bəzi siyasi gedişlər də edilib, çaxnaşma da salınıb və s. Ən ciddisi isə, cənab Prezidentin dediyi kimi, vətəndaşın narazılığı, şikayətləri gizlədilib. Yerli poçtlardan Prezident adminstrasiyasına qədər fərqli imkanlara malik bir dəstənin qurduğu nizam sayəsində məktublar ünvanına çatmayıb. Lakin, gördüyünüz kimi vəziyyət dəyişdi, islahatlar dalğası domino effekti verməkdə, sürətlə yayılmaqdadır. Hər bir sahədə təmizlənmə şəffaflaşma artıq nəinki vətəndaşların düşüncəsində, hətta büdcə gəlirlərinin artmasında da özünü təsirli formada göstərməkdədir. Əlbəttə proses bu gün də davam edir, ölkədə kasıbın, möhtac olanın payına, haqqına göz tikən, xalqın cibinə uzanan bütün əllər kəsiləcək. Son proseslər də göstərir ki, mövcud siyasi iradə üçün korrupsionerin kimliyinin, nüfuzunun, vəzifəsinin əhəmiyyəti yoxdur. Açıq deyim, cənab İlham Əliyevin bu radikal və barışmaz tədbirləri nəticəsində xalq artıq rahat nəfəs almağa başlayıb. Məhz buna görə də əminəm ki, Azərbaycan insanı bu prosesdə sonadək dövlət başçısının arxasında olacaq.

- Belə halların üzə çıxmasında ictimaiyyət nə dərəcədə aktiv olmalıdır. Çünki Cənab Prezident hər zaman ictimai fəallıq və ictimai qınağın vacib olduğunu söyləyib.

-Cənab Prezident özü aşkar formada bəyan edərək hər kəsi diqqətli olmağa, ictimai nəzarətdə sayıqlığa çağırıb. Lakin, vətəndaşımız bu cağırışı düzgün anlamalıdır, ictimai nəzarət hər gördüyünü yazıb harasa ötürmək deyil, ictimai nəzarət vətəndaş kimi, problemin üzərinə getməkdir. Mən əvvəlki suallarınızdan birinə cavab olaraq inzibati məhkəmə sistemindən danışdım. Haqsızlığa uğrayan şəxs aidiyyatı üzrə şikayət edərək sağlam mövqe nümayiş etdirsə, həddini aşmış məmuru məhkəmə vasitəsi ilə yerinə oturda, yaxud cəzalanmasına nail ola bilsə, bax ictimai nəzarət bu olar. Bundan başqa, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunmalıdır, lakin burada ehtiyatlı olmalıyıq, elə etmək lazımdır ki, milli təhlükəsizliyimiz, informasiya müharibəsində mövqelərimiz ictimai nəzarət adı altında qurban verilməsin.


NEWSCENTER.AZ
Xəbəri paylaş