Newscenter.az.21.08.2020. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq davam edir
Newscenter.az-a təşkilatın Bakı ofisindən bildirilib ki, BMqT-nin Azərbaycan nümayəndəliyi növbəti ofis avadanlığı və kompüterlər dəstini Dövlət Gömrük Komitəsinə təhvil verib. Yeni avadanlıqlar Komitənin əməliyyat imkanlarını gücləndirməklə sərhəd təhlükəsizliyinin təmin edilməsinə, qanunsuz miqrasiya, terrorizm və ağır iqtisadi cinayətlərə qarşı mübarizəyə öz töhvəsini verəcəkdir.
BMT-nin Miqrasiya Agentliyi olan BMqT təşkilatın İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində miqrasiya və sərhəd idarəetmə məsələləri ilə bağlı müxtəlif çağırışlara daha effektli reaksiya vermək üçün lazım olan siyasətin, qanunvericiliyin, əməliyyat sistemlərinin, insan resurslarının, inzibati və texniki strukturların təkmilləşdirilməsində dövlət qurumlarını dəstəkləyir.
Adı çəkilən layihə çərçivəsində artıq BMqT, Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı insanların səyahətini asanlaşdırmaq və sərhəd nəzarətini yaxşılaşdırmağa imkan verən Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin tətbiqində ölkə hökümətinə dəstək məqsədilə dövlət qurumlarının təmsilçiləri üçün seminar keçiriblər.
Sevinc