Newscenter.az.21.08.2020. "Toyların keçirilməsi ilə bağlı məsələlə çox vacibdir. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla əlaqədar öz qərarını verməlidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməlidir:
"Belə ki, insanlar karantin qaydalarına əməl etməli, tibbi maskadan istifadə etməli və ara məsafəsini qorumalıdır. Toyda iştirakla bağlı müəyyən say həddi tətbiq edilməlidir".
Vahid Əhmədov son günlər sosial şəbəkələrdə yayılan toy görüntülərinə də münasibət bildirib:
"Bəzi şəxslər var ki, 1-2 ildir ki, nişanlıdır. Elə məqam gəlir çatır ki, onlar bu toyu etmək istəyirlər. Bunu qınamaq da olmur. Hesab edirəm ki, toyların keçirilməsinə icazə vermək lazımdır. Əlbəttə ki, hazırda toyların keçirilməsi müəyyən problemlər yarada, xəstəliyin artmasına səbəb ola bilər. Ancaq hazırda Operativ Qərargah tərəfindən toyların keçirilməsi qadağan edilib. Belə bir şəraitdə toyları keçirmək lazım deyil. Hər bir şəxs müəyyən olunan qaydalara əməl etməlidir".